Tərlan Əhmədov: “Deyirdilər Tərlanı öldürəcəyik” - Eksklüziv
10.11.2023 - 14:28
Tərlan Əhmədov: “Deyirdilər Tərlanı öldürəcəyik” - Eksklüziv

“Kəpəz”in sabiq məşqçisi Tərlan Əhmədovun apasport.az saytına müsahibəsi:

“Kəpəz” üçün son günlərdə ən çox adı çəkilən baş məşqçi siz idiniz, hazırki vəziyyət barədə nə deyə bilərsiniz?
- Əslində, bu haqda çox danışmaq istəmirdim. Bilirəm, “Kəpəz”i sevənlər bu gün Premyer Liqada uğurlu nəticələr istəyirlər. Biz də keçən ilki sezonda   komandanı Premyer Liqada saxlamağa çalışdıq. Mümkün qədər gözəl, baxımlı, zövqlü oyunlarla yadda qalmaq istədik. Demək olar, 4-5 tur qalmış artıq, Premyer Liqada qalmağı bacardıq. 

-Əksəriyyət, sizin haqqınıza girildiyini və düşüşünə səbəb olaraq sizin kimi məşqçini itirməyində görür...
- Haqqı tapdaladılar. İşlədiyim bütün klublarda nəticə verdiyim halda, həmişə adıma söz-söhbət çıxarıblar. Amma, zaman keçəndən sonra elə rəhbərlik olub, gəlib deyib ki, “bizi bağışla, sənin haqqına girmişik”. Zaman hər şeyi göstərir və gec-tez kim nə edibsə, öz cəzasını tapacaq. “Kəpəz”də futbolçulara qədər üzümə duran, üstümə şər atan da oldu, məni nüfuzdan salmaq üçün əllərindən gələni də etdilər. Düz işləyən insanı ləkələməyə çalışan insanlar çox olur, amma həmişə bacarmır. Olub ki, illərlə bir yerdə oynadığım futbolçu işlədiyim komandada üstümə şər atıb, üzümə durmaq istəyib, amma rəhbərlik, onu komandadan uzaqlaşdırıb. Belə şeyləri çox görmüşəm. “Kəpəz” sayəsində böyük bir dost, fanat kütləsi və futbolu sevən yoldaşlar tapdım. Bugün,  hamısının “qayıdın”, “sizə ehtiyacımız var” kimi mesajlarını alıram. Bu mənə olduqca qürur verir.

- Bu cür sevgini qazanmış Tərlan Əhmədovu “Kəpəz”dən nə küsdürdü?
-Rəhbərlik peşəkar deyil. Onlara futbol, komandanın uğuru maraqlı deyil. Bugün də  oradakı söhbətləri eşidirəm, istəmirəm qabardım. Onlar komandanın uğuru üçün çalışmırdı. Əksinə, çalışırdılar ki, komanda sonuncu pillədə getsin. İstəmirdilər ki, komanda uğur qazansın, hər oyundan qabaq söz-söhbət yaradırdılar. Hətta, klub idarə heyətinin sədri dəfələrlə deyirdi ki, Tərlan akademiyanın məşqçiləri ilə hesablaşmalıdır. Komandanın 2 işçisi vardı ki, hər zaman “Tərlan bizə "haqq" verməlidir, ondan qabaqkı məşqçi haqq verib, Tərlan da bizə haqq verməlidir” deyirdilər. Ehh, o qədər söz-söhbətlər vardı ki... Sonda gördülər ki, alınmır, keçdilər başqa plana. Nə bilim , “Tərlan futbolçulardan pul yığıb”, “işçilərlə yola getmirdi”, “Tərlan Gəncəliləri təhqir edib” kimi yalan, nankor şailər çıxardılar. İstər-istəməz elə insanlardan uzaq durmaq daha yaxşıdır. 

- Yenidən təklif gəlsə qəbul edərdiniz? 
- İndiki məqamda mənim ora qayıdıb, o rəhbərliklə işləməyim qeyri-mümkündür. Hər halda çox ağrılı məsələdir. Mən hər zaman demişəm və deyəcəm, nə qədər ki, "Neftçi" və "Kəpəz" futbol klubları Premyer Liqada uğurlu çıxış etmirsə, onların akademiyalarında yaxşı futbolçular yetişmirsə və akademiyanın futbolçuları əsas heyətdə yer almırsa,  Azərbaycan futbolunda milli yığmanın uğurlu çıxış etməyini gözləməyin. 

- Bəs hansı şərtlə qayıdarsınız?
-İndiki rəhbərlik futbola aidiyyəti olmayan insanlardır. Hər halda bununla bağlı söz-söhbətlər, faktlar ortaya çıxıb. Bir sözlə, hazırki rəhbərliklə işləməyə dəyməz. Normal idarəçiliyi bacaran rəhbərlik o komandaya gəlsə, əlbəttə ki, gəlib o komandada çalışaram.

- Gəncə komandasına noldu axı birdən-birə bu qədər ağır eniş etdi?
 - Mən çalışırdım ki, “Kəpəz” Premyer Liqada öz sözünü deyən bir komanda olsun. Təəssüflər olsun ki, onu da rəhbərlik istəmədi. Orda söz-söhbət yaydılar. İdarə heyəti vardı ki, bilmirdim kimdi, bir dəfə görmüşdüm. Hərə bir söz danışırdı, hərə bir val oxuyurdu. "Tərlan bunu etdi, onu etdi". Oyunu udurduq, qanları qaralırdı. Yəni istər-istəməz futbol qalmışdı qıraqda. Onların məkrli planları vardı. Biri rəhbərliyə deyirdi ki, “mənə səlahiyyət ver, 2 dəqiqəyə Tərlanı Gəncədən qovum”, “biri deyirdi onu öldürəcəyik”, hərə bir şey deyirdi. Bir sözlə, indiki rəhbərliklə işləməyə dəyməz. Amma, “Kəpəz”in böyük bir tarixi var və onu heç kim silə bilməz. Ora futbolçu, məşqçi adları gəlib-gedəcək. Ancaq, “Kəpəz” futbol klubunun adı həmişə yaşayacaq. 

-Klubu bu vəziyyətdən çıxarmaq mümkündürmü?
- Mümkünsüz heç nə yoxdur. Yetər ki, işə sevgi ilə yanaşasan. Komandanı Premyer Liqada saxlamaq mümkündür. Hələ qarşıda qışa qədər 7 tur, qışdan sonra isə 18 tur var. Yəni, 25 tur ərzində komandanı Premyer Liqada saxlamaq olar. Yetər ki, orda "Kəpəz" futbol klubunu sevəcək rəhbərlik olsun. Onda mən o komandaya qayıdaram.

0