
Bu gün Misli Premyer Liqasının 24-cü turunda "Şamaxı" evdə "Turan Tovuz"u qəbul edəcək.
Apasport.az xəbər verir ki, "Turan Tovuz" bu gün keçirilməli olacaq oyunla bağlı açıqlama yayıb:
"Futbol ictimaiyyətinin diqqətinə!
Bu gün Misli Premyer Liqasının 24-cü turu çərçivəsində, saat 14:30-da Şamaxı şəhər stadionunda “Şamaxı” - “Turan Tovuz” oyunun baş tutmalıdır. Ancaq hava şəraiti səbəb kimi göstərilərək oyunun canlı yayımının baş tutmayacağı və “VAR” ın olmayacağı dəqiqləşib. Bu səbəbdən klub olaraq rəsmi şəkildə oyunun təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət etmişik. Bir daha bəyan edirik ki, VAR sisteminin və canlı yayımın olmayacağı oyunun şəffaf keçiriləcəyinə dair şübhələrimiz var. Qeyd etmək istəyirik ki, bir neçə gün öncədən hava şəraitinin kəskin dəyişəcəyi haqda rəsmi proqnoz verilməsinə və bu haqda PFL-ə rəsmi məlumat verməyimizə baxmayaraq bu hadisələr baş vermişdir".