
2025-ci il mayın 15-də, Nepal vaxtilə saat 10:15-də, nəfəsin tutulduğu, səmaya əl uzatmaq mümkün göründüyü yüksəklikdə o, adını əbədi olaraq tarixə yazdı.
Dünyanın ən yüksək nöqtəsi – 8 849 metr hündürlüyündəki Everest zirvəsində Azərbaycan bayrağı dalğalanarkən, onu sadə bir ingilis dili müəlliməsi, mehriban bir ana və nümunəvi bir ev xanımı olan Vəfa Musayeva tuturdu.
Vəfa Musayeva, bu zirvəni fəth edən ilk qadın Azərbaycan vətəndaşı kimi tarixə düşdü. Lakin bu uğur onun üçün kifayət etmədi. İki gün sonra, sanki öz igidliyinə davam edərək, o, dünyanın dördüncü ən yüksək dağı olan və təhlükəsi ilə məşhur Lxotse zirvəsini (8 516 metr) də fəth etdi.
Dörd gün ərzində iki səkkizminlik zirvə... 96 saatdan artıq bir müddət ərzində o, oksigensiz, yalnız küləyin, buzun və insanın iç səsinin eşidildiyi ekstremal yüksəklikdə oldu. Elə bir məkan ki, kişilər belə irəli addım atmaqdan çəkinir. O isə öz inamı ilə irəliləyir, çiynində ölkəsinin bayrağını daşıyırdı.
Bakıdan olan təvazökar bir qadın – onu həmkarları və qonşuları belə tanıyırdı. Amma indi artıq bütün ölkə onu tanıyır: qarşımızda sadəcə müəllim yox, iradəsi ilə qeyri-mümkünü mümkünə çevirən bir qəhrəman dayanır. Vəfa Musayeva zirvələrə təcrübəli bələdçi – Nepalın məşhur dağçılar icmasından olan Dava Şerpanın müşayiətilə qalxdı. Lakin bu yol onun seçimi idi. Axıra qədər getmək onun öz qərarı idi.
Apasport.az xəbər verir ki, ekspedisiyadan sonra Vəfa Musayeva vesti.az-a eksklüziv müsahibə verib:
– Ailəniz sizi necə qarşıladı?
– Həqiqətən duyğular sel kimi idi. Amma düz-əməlli ailəmlə söhbət etməyə hələ imkan tapmamışam. Daha Nepalda olarkən jurnalistlər zəng etməyə, verilişlərə dəvət etməyə başladılar. Dostlar, tanışlar yazır, zəng edir, hal-əhval tutub təbriklərini çatdırırdılar. Ailəmlə isə ancaq süfrə arxasında və ya ev işləri arasında qısa söhbətlər edə bilirdik. Dünən isə birdən qəribə bir hiss yaşadım — sanki ekspedisiyadan öncəki həyatımı tamamilə unutmuşam. Deyəsən, bu da hələ tam adaptasiya ola bilməməyin bir nümunəsidir.
– Siz ingilis dili müəllimisiniz. Bəs alpinistliyə marağınız nə vaxtdan yaranıb?
– Bəli, mən ingilis dili müəllimiyəm. Zirvələri fəth etmək arzusu, düşünürəm ki, uşaqlıqdan gəlir. Alpinistliyə 2016-cı ildən başlamışam. Əvvəllər sadəcə Azərbaycanın dağlarında sadə yürüşlər edirdim: təbiət, təmiz hava, fiziki hərəkət — bütün bunlar mənə böyük zövq verirdi. O zamanlar heç ağlıma da gəlməzdi ki, bir gün özümü alpinist hesab edəcəm. Bu mənə ilham verirdi. Yazılar yazır, təəssüratlarımı həmkarlarımla, şagirdlərlə bölüşür, treninqlər keçirirdim. Zaman keçdikcə anladım ki, dağlar məni ovsunlayıb, özünə çəkib. Gidərək daha çox yürüşə çıxmağa başladım, yüksəkliklərə can atırdım. Öz-özümə düşünürdüm ki, görəsən, 5000 metr hündürlükdə dağ necə görünür? Beləcə, Alp dağlarında oldum. Daha sonra isə 5642 metr yüksəklikdə yerləşən Elbrus zirvəsinə qalxdım.
– Elbrusu hansı ildə fəth etdiniz?
– Deyəsən, bu 2018-ci ildə oldu. Bundan sonra Pamir dağlarına yollandım. Ondan sonra isə daha yüksək zirvədə hansı hisslər keçirəcəyim maraqlı idi. Bu maraqla Cənubi Amerikaya yollandım və Ojos-del-Salado zirvəsinə qalxdım.
Amma Everest... O, sanki həmişə mənim içimdə idi. Son iki ili ona ciddi hazırlaşaraq keçirdim. Bilirsiniz, biz qadınlar intuisiya ilə yaşayan, hissləri ilə qərar verən varlıqlarıq. Bəzən sadəcə anlayırsan ki, zaman gəlib. Everestlə də eyni hal baş verdi. Anladım ki, artıq vaxtıdır. Yolçuluq başlayır.
– Everestdə alpinistlər çox çətin situasiyalarla üzləşirlər. Qorxmadınız? Axı siz qadınsınız, ailəniz, övladlarınız var… Bu qədər riski necə gözə aldınız? Axı oradan dönə bilməyənlər az deyil…
– Düz deyirsiniz. Bu, doğrudan da çox böyük riskdir. Mən orada olduğum müddətdə gözlərimin önündə 4 nəfər həyatını itirdi. Onlardan biri Hindistandan olan bir alpinist idi. Birdən-birə halı pisləşdi. Yaxşı xatırlayıram, ona su verirdilər, ayıltmağa çalışırdılar, sonra evakuasiya etdilər... Təəssüf ki, o sağ qalmadı. Bu - Everestin gerçəkliyidir. Orada hər şey son həddədir: həm fiziki, həm də mənəvi baxımdan.
– Həlak olanlarla tanış idiniz?
– Dağa qalxan zaman alpinistlər istər-istəməz bir-birləri ilə tanış olurlar. Düzdür, həlak olanlarla yaxın dostluq etməyə macal tapmamışdıq. Onlar müxtəlif ölkələrdən olan idmançılar və alpinistlər idi. Dörd nəfər həyatını itirdi, iki nəfər isə marşrut üzərində səhhətində ciddi problemlər yaşadığı üçün təcili şəkildə evakuasiya edildi.
Amma, bilirsiniz... Ola bilsin, bu qadın intuissiyasıdır - nədənsə əmin idim ki, zirvəyə çatacam və sağ-salamat geri dönəcəm. Sadəcə bilirdim bunu.
Everestə elə gedirdim ki, sanki Azərbaycan məni döyüşə göndərmişdi. Yalnız bir məqsəd vardı – Everest. Və bu məqsədə çatdım. Onu fəth etdim. Ölkəmin bayrağını nəhəng bir dağın zirvəsində ucaltdım.
Zirvədən enəndə isə düşündüm: “Bəs niyə də Lxotse olmasın?” Və mən o zirvəyə də qalxdım.
– Sizin cəsarətiniz heyranedicidir. Lxotsedə qalxmaq da az təhlükəli deyil. Həmişə maraqlı olub: nədir insanları bu qədər riskli yerlərə çəkən? Axı zirvələr heç kimə aman vermir. O qədər faciələr yaşanıb, amma insanlar hələ də ora gedirlər…
– Qeyd etdiyim kimi, dağlarda hər şey mümkündür. Amma həm Everest, həm də Lxotsedə qalxarkən mən özümü tamamilə qorunmuş hiss edirdim.
Everestdə ən çətin hissə isə – Xumbu buzlaq şəlaləsidir.
Nəhəng buz kütlələri, dərin çatlar, gizli və açıq yarıqlar – hər biri sanki canlıymış kimi hərəkət edir. Onların arasından keçərkən qorxu hiss etmirdim. Əksinə – tam sakitlik və inam içindəydim. Elə bil burda yüz dəfə olmuşam, hər çatlağı əzbər tanıyıram.
Bələdçim, Şerpa, tez-tez deyirdi: “Ayağını buraya qoy, bax, belə keç…” Amma mən içimdə düşünürdüm: “Bunu niyə deyir? Onsuz da bilirəm.” Hər şey mənə tanış gəlirdi.
Bəlkə də bu, ona görə idi ki, onlarla alpinistlik filmi izləmişdim, hər addımı beynimdə saysız-hesabsız dəfə canlandırmışdım. Bəzən elə gəlirdi ki, bu zirvələri sanki əvvəllər də fəth etmişəm.
– Everestə qalxdığınız zaman sosial şəbəkələrdə yazmışdılar ki, bayrağı ucaltdığınız an ağladınız və göz yaşlarınız buza döndü. Bu, doğrudurmu?
– Göz qapaqlarım bir-birinə yapışmışdı. Açmağa çalışırdım, amma göz yaşlarım yenə donurdu. Everestin zirvəsinə çatanda sonsuz bir sevinc hissi yaşadım. Ölkəmin bayrağını çıxardığım an isə artıq göz yaşlarımı saxlamaq mümkün deyildi. Bu elə bir hiss idi ki, sözlə ifadəsi yoxdur. Həmin an başa düşdüm: Azərbaycan bayrağı təkcə bir simvol deyil – o, bir gücdür.
Əvvəllər də bayraq qaldırmışam – yarışlarda, rəsmi tədbirlərdə. Bu hissi tanıyırdım. Amma orada, zirvədə, tam təklikdə – yalnız sən və bayraq – hər şey tamam fərqli idi. Həqiqətən ağladım...
Sonra bircə foto çəkə bildik. Şerpa əli ilə işarə etdi ki, dayanmaq olmaz. Külək çox güclü idi, saatda 100–110 km. Biz iplə bağlı idik və uzun müddət orada dayanmaq təhlükəli sayılırdı. Sadəcə bir sübut olaraq çatdığımızı göstərmək üçün foto çəkdik. Azərbaycan bayrağı dünyanın zirvəsində dalğalanırdı. Və elə həmin an enişə başladıq.
– Zirvəyə qalxarkən elə anlar oldumu ki, gerçək təhlükəni hiss etdiniz? Sanki bir addımda həyatla ölüm arasındasınız?
– Ya mən çox şanslıyam, ya da çox inandım. Hələ də tam əmin deyiləm. Amma sanki kimsə məni qoruyurdu. Ciddi, həyati təhlükə yaradan situasiyalar olmadı. Ancaq zirvədən sonra ikinci düşərgəyə çatanda bədənim sanki “artıq bəsdir” dedi. Enerjim qalmamışdı.
Uzun müddət nə yemişdim, nə də su içmişdim, orqanizm tükənmişdi. Xoşbəxtlikdən nəfəs almaqda problem olmadı - bu cür yüksəkliklərdə bu, ən vacib məsələdir. Amma gücüm qalmamışdı. Qərara gəldim ki, düşərgədə bir az qalım, bərpa olum. Yemək istədiyimi dedim, meyvə tapdım, bir az yedim və gecəni orada keçirdim. Səhər isə son gücümü toplayıb enişə başladıq.
– Deyirlər ki, qalxmaq yox, enmək daha çətindir. Bu doğrudurmu?
– Bəli. Çox insan məhz eniş zamanı həyatını itirir. Çünki yuxarı qalxanda nə qədər enerjin, diqqətin, gücün varsa – hamısını sərf edirsən. Enəndə isə, əslində, heç nə qalmır. Tək istəyin aşağıya, düşərgəyə tez çatmaq olur. Və bu tələskənlik bəzən ölümə səbəb olur.
– Bəs oksigen balonları necə? Filmlərdə tez-tez göstərirlər ki, oksigen ən lazımsız anda bitir. Sizdə də belə bir hal oldu?
– Bəli, demək olar ki, zirvəyə çatanda oksigenim tükəndi. Birdən özümü pis hiss etdim. Zirvəyə baxıb dedim: “Demək olar ki, çatmışam.” Amma başa düşürdüm ki, bədən, beyin, ürək oksigensiz qalır. Şerpaya işarə etdim ki, balonu yoxlasın. O baxdı və üzündəki ifadədən anladım ki nəsə qaydasında deyil.
O, panikada ehtiyat balonu götürdü. Mən isə sakitcə işarə ilə dedim ki, sakit ol, hər şey yaxşıdır. Amma düzünü desəm, artıq huşumu itirmək üzrə idim. Oksigen gələn kimi canıma enerji qayıtdı. Əllərim, ayaqlarım yenidən mənə tabe oldu və yolumuza davam etdik.
– Bəs ailəniz sizi bu fikirdən çəkindirməyə çalışmadı?
– Məqsədim o qədər aydın idi, mən isə o qədər inadkar idim ki, yola düşənə qədər artıq bütün yaxınlarım - istər ailəm, istər dostlar sadəcə mənə qucaq açır, dəstək olur, kömək təklif edirdilər. Yəqin ki, onlara başqa seçim qoymamışdım.
– Siz sadə bir müəllimə olsanız da, görünür ki, fiziki cəhətdən əla formadasınız. Bu qədər fərqli sahəni necə birləşdirə bildiniz?
– İstək olduqdan sonra hər şey mümkündür. Mən uzun illərdir ki, idmanla məşğulam, bir çox peşəkar idmançılarla da tanışam. Bəzən özüm də təəccüblənirəm: sanki peşəkar atlet deyiləm, amma məni idman aləmində tanıyırlar, dostluq edirik. Bir çox tədbirlərdə iştirak etmişəm.
Bu illər ərzində bir şeyi dəqiq bilirdim ki, bir gün Everestə gedəcəm. Və bədənim o günə hazır olmalıdır. İdman mənim üçün hobbi deyildi. Hazırlığın bir hissəsi idi. Ağlım, bədənim, ruhum - hamısı bu sınağa tab gətirməliydi. Bu, “divandan qalxıb dağa çıxmaq” hekayəsi deyil. Belə olmur. Mən Everestə fiziki yox, mənəvi olaraq da çoxdan qalxmışdım.
– Əminəm ki, şagirdləriniz sizinlə fəxr edirlər...
– Bəli, şagirdlər, müəllim yoldaşlarım, dərs dediyim məktəblər, treninqlər keçdiyim müəllimlər hamısı zəng etdi, yazdı, təbrik etdi.
– Siz Bakını sadə müəllim kimi tərk etdiniz, amma tarixə düşmüş bir qadın kimi geri döndünüz. Bu yeni rol sizə necə təsir edir? Tanınmaq hissini yaşayırsınızmı?
– Bilirsiniz, mənə elə gəlir ki, tarixə düşən mən yox, mənim ölkəmdir. Çünki zirvəyə qalxan azərbaycanlı qadındır. Mən bunu fərqli hiss edirəm. Everestə qalxan Vəfa Musayeva deyil. Bu, azərbaycanlı qadının öz bayrağını dünyanın ən yüksək nöqtəsində ucaltdığı bir an idi. Bu, şəxsi uğurdan daha dəyərli bir hissdir.
Mən ora Vəfa kimi yola düşdüm, amma geri döndüyümdə artıq öz ölkəmin bir parçası kimi hiss edirdim. Bu isə çox güclü bir duyğudur.
– Bəs bundan sonra hansı zirvəni fəth etməyi planlaşdırırsınız?
– Bilirsiniz, içimdə bir güc hiss edirəm. Düşünürəm ki, davam edəcəm. Amma indi bir az tək qalmaq istəyirəm. Everest və Lxotseldəki anları yaşamaq, anlamaq, dərk etmək, içimdəki hər şeyi oturtmaq üçün... Hər şey o qədər böyük idi ki, onu hələ də tam “həzm edə” bilməmişəm. Yeni yol, yeni məqsəd mütləq tapılacaq.
– Sonda oxucularımıza nə arzulayardınız?
– Bu müsahibəni oxuyub bitirdikdən sonra özünüzə sadəcə bir neçə dəqiqəlik sükut hədiyyə edin. Sadəcə oturun və düşünün – həyatdan nə istəyirsiniz? Həqiqətən nəyə ehtiyacınız var?
Mən, məsələn, dəqiq bilirdim ki, dağlar mənim missiyamdır. Bunu hiss edirdim. Bilirdim ki, bu yolu sonadək getməliyəm. Və getdim. Heç bir tərəddüd olmadan. Çünki içimdəki səsi dinlədim, ona ciddi yanaşdım. Öz-özümə dedim ki, əgər bu düşüncə mənə gəlibsə, demək ki, bu mənim yolumdur.
Səmimi olaraq hər kəsə arzu edirəm ki, öz iç səsinizi dinləyin. Əks halda, ömrünüz boyu daxilinizdə bir yük daşıyaraq davam edərəsiniz.
Hər bir insan xoşbəxt olmağa layiqdir. Sadəcə tənbəllik etməmək, çalışmaq və inanmaq lazımdır. Mən Everestə qədər də xoşbəxt idim. Amma indi içimdə daha dərin bir rahatlıq var.