Veysəl Rzayev: “Başqa şansımız yoxdur” - Müsahibə
13.10.2023 - 12:48
Veysəl Rzayev: “Başqa şansımız yoxdur” - Müsahibə

Azərbaycanın 21 yaşlılardan ibarət milli komandasının futbolçusu Veysəl Rzayevin apasport.az saytına müsahibəsi

- Şimali İrlandiya ilə görüşdə qələbə qazanacağınıza inanırdınız, amma bu olmadı. Halbuki, rəqibdən zəif oynamadınız. Sizcə, komanda niyə uduzdu?
- Bəli, buna ilk dəqiqələrdən inanırdıq. Çünki evdə oynayırdıq, üstünlük bizdə olmalı idi. Məncə, elə də oldu. Sadəcə yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Bu oyun bizə dərs olmalıdır. Hələ qarşıda evdəki ikinci matçımız var. Ona qədər vaxt olacaq. Lüksemburqla matçda yaradacağımız qol imkanlardan yararlanmağa çalışacağıq.

- Komanda üçün ən böyük üstünlüklərindən biri də 60 dəqiqəyə yaxın 10 nəfər qarşı oynamaq idi. Bundan da yararlana bilmədiniz. 11 nəfərə qarşı oynamaq çətin idi, yoxsa 10 nəfərə?
- Rəqibin qırmızı vərəqə ilə cəzalandırılması təbii ki, üstünlük deməkdir. Lakin rəqib hesabda öndə idi. Qırmızı vərəqə aldıqda da, geriyə oturdular və müdafiəyə daha çox fikir verdilər. Bu da rəqib müdafiəsini yarmaqda çətinlik yaradır. 

- Penaltidən də yararlana bilmədiniz. Yəqin ki, həmin epizodda qol olacağına inanırdınız və qol olsaydı, sondakı nəticə sizin üçün daha yaxşı alınardı, qalib gələrdiz deyə, düşünürsüz?
- Təəssüf ki, penaltidən fərqlənə bilmədik. Əgər həmin epizod qol olsaydı, komandamız psixoloji üstünlük qazanacaqdı. Məncə, biz Şimali İrlandiyaya qalib də gələ bilərdik. 

- Yığmamız iki oyuna iki məğlubiyyətlə üzləşib. İlk qələbəniz Lüksemburqla oyuna təsadüf edəcək? Həmin görüşdə komandanın qələbə şanslarını necə dəyərləndirirsiz?
- Lüksemburqla oyun bundan da ağır keçəcək. Ancaq yenə də, əlimizdən gələni etməyə çalışacağıq. Çünki bu şansdır. Bundan sonra daha ağır və çətin oyunlara çıxacağıq. Lüksemburqla matçda qalib gələcəyimizə inanırıq. 

- Şimali İrlandiyaya Bakıda məğlub olmağınız, psixoloji gərginlik, Lüksemburqla oyun öncəsi problem yaratmayacaq?
- Düzdür, uduzanda komandada istər-istəməz psixoloji yorğunluq yaranır. Ancaq başqa şansımız yoxdur, mütləq bu oyundan xalla ayrılmalıyıq. Oyuna hələ vaxtımız var, tam olaraq bərpa olunub, matça köklənəcəyik və meydana qələbə üçün çıxacağıq

0