Vüqar Nadirov: “Heç bir rəqibə yuxarıdan aşağı baxmamalısan” - Müsahibə
31.10.2023 - 16:23
Vüqar Nadirov: “Heç bir rəqibə yuxarıdan aşağı baxmamalısan” - Müsahibə

Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Vüqar Nadirovun apasport.az saytına müsahibəsi

- "Araz-Naxçıvan"ın "Qarabağ"ı məğlub etməsini nə ilə izah edərdiz?
- “Araz-Naxçıvan” dünənki oyunda yaxşı çıxış elədi. Məncə,  “Qarabağ”ın ikinci heyəti yox, əsas heyəti oynasaydı, Naxçıvan komandasına çətin olardı. Açıq-aşkar görünürdü ki “Qarabağ” rəqibi çox sıxır. Sadəcə olaraq boşluqlar oldu. Bu boşluqlardan da “Araz- Naxçıvan” maksimum istifadə etdi.

- Deməli məğlubiyyətə əsas səbəb olaraq Qurban Qurbanovun heyətdə rotasiyaya getməsini görürsünüz?
- Dünən oynamayan uşaqlar vardı. Qurban müəllim çalışırdı ki, ağır oyundan çıxmış oyunçuları zədədən qoruyub saxlasın. Həm də həmin oyunla əlaqədar yorğunluq amili vardı. Bu məncə normal haldır, belə oyunlar olur. Hələ qarşıda çox matç var. Düzdür rəqib zəif deyil, amma “Qarabağ” üçün güclü rəqib də deyildi. İstər-istəməz  ağır matçdan məğlubiyyətlə qayıtması, oyunçuların motivasiyasına da təsir etdi.
 
- Sizcə, "Qarabağ”ın Azərbaycan çempionatında özündən zəif sayılan komandalara uduzması nə ilə bağlıdır? Azərbaycan futbolu inkişaf edir, yoxsa "Qarabağ”da eniş və ya arxayınçılıq var?
- Bu onu göstərir ki, Azərbaycan futbolu inkişaf edir. Bu rəqabət bir tərəfdən Azərbaycan futboluna da xeyirdir. Görünür ki, Naxçıvan klubu yaxşı komanda yaradıb. Amma “Qarabağ” döyüşkən, hər rəqibə başağrısı olacaq bir klubdur. Böyük rəqiblərə qarşı öz sözünü deməyə qadirdir. Çempionat belə irəliləsə yaxşı olacaq. 

- Hamı düşünürdü ki, turnir cədvəlindəki sıralamada "Qarabağ", "Neftçi", "Sabah", sonra isə digərləri  qərarlaşacaq...
- Qış fasiləsinə az qalsa da, hələ nəticəni bilmək olmaz. Əsas oyunlar qabaqdadır və hər an hər şey dəyişə bilər. İrəlidə “Neftçi” də, “Sabah” da  qalxa bilər. “Araz-Naxçıvan” isə belə oyun sərgiləməyə davam etsə, Konfrans Liqasına düşə bilər.

- "Qarabağ"dan 3 xal alan "Araz-Naxçıvan" son çempiona çataraq eyni xalla 2-ci yerə şərik oldu...
- Bu çempionat sürprizlərlə doludur. Ola bilər həmin yeri “Turan-Tovuz”, “Sabah”, ”Səbail” tutsun. Gözləmədiyimiz komandalar cədvəldə yer dəyişdirə bilər. Ona görə də hər bir rəqibi saymalısan, heç birinə yuxarıdan aşağı baxmamalısan.

- Mövsümün ən böyük sürprizlərindən olan “Araz-Naxçıvan”ın sirri nədədir? 
- Azər Bağırovun komandada əməyi böyükdür. Komandası üçün çəkdiyi əziyyət öz bəhrəsini verir. Düşünürəm ki, oyunçular da yaxşı performans göstərir. Bu amillər deməyə imkan verir ki, “Araz-Naxçıvan” bu qələbəni də, qazandığı xalları da haqq edib.

- Son oyunlarda “Qarabağ”ın azarkeşlərini məyus etməsi tribunalarda da özünü göstərir. Sizcə ağdamlılar azarkeşlərinin könlünü necə ala bilər?
- Nadir komanda ola bilər ki, həmişə stabil oyun nümayiş etdirsin. “Qarabağ”ın azarkeşləri pis gündə də, yaxşı gündə də komandasının yanında olub. Düşünürəm ki, onlar komandaya inanır və bundan sonra da futbolçulara dəstək olacaqlar. Mən özüm “Qarabağ”da olanda da bu dəstəyi, sevgini görürdüm.

- "Qarabağ"ın "Bayer" lə cavab oyununda hansı nəticəni gözləyirsiz?
- “Bayer” Almaniyanın lider komandasıdır. Hiss olunur ki, məşqçi orda nəsə qura bilib. “Qarabağ”ın səfər oyununda aradakı fərq avtomatik hiss olunurdu. Düşünürəm ki, Bakıda nəsə etmək olar. Düzdür, bizə asan oyun olmayacaq. Ancaq, istəsələr, rəqibə başağrısı ola bilərlər.

- Vüqar Nadirov indiki “Qarabağ”da olsaydı nə dəyişərdi? Heyətə düşə bilərdimi?
 - Əlbəttə, “Qarabağ”da olan zamanlarımda istəmişəm ki, komandama kömək edim, məşqçinin tapşırıqlarını yerinə yetirim. Oynasaydım, əvvəlki kimi çalışardım, əlimdən gələni edim. Bir ağdamlı kimi mənə orda çox məsuliyyət düşürdü. Oynamayanda da ehtiyatdan çıxıb, öz sözümü deməyə çalışırdım. Öz oyunumu göstərib demək istəyirdim ki, mən heyətə layiq oyunçuyam.
 

0