Sabah Bakıda start götürəcək bədii gimnastika üzrə Avropa çempionatı ilə bağlı mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov lazımı işlərin artıq yekunlaşdığını bildirib.
Onun sözlərinə görə, Təşkilat Komitəsi iyunun 13-15-də hər şeyi nəzərə alıb:
“Azərbaycan paytaxtı 3-cü dəfə Avropa çempionatına ev sahibliyi edəcək. Ümidvaram ki, bu dəfə təşkilatçılıq əvvəlkilər kimi yüksək səviyyədə olacaq. Yalnız bir yenilik var ki, bu da yarışların yeni inşa edilən Milli Gimnastika Arenasında keçirilməsidir. Artıq bilet də qalmayıb. Hamı startı səbirsizliklə gözləyir”.
Həsənov komandamızın hazırlığını da yüksək qiymətləndirib. O bildirib ki, baş məşqçimiz Mariana Vasilyeva gözəl heyət formalaşdırıb və gözəl nailiyyətlərə ümidlər yüksəkdir: “İlk gündən federasiya prezidenti Mehriban Əliyeva tərəfindən tək Bakıda deyil, əyalətlərdə də bu idman növünü kütləviləşdirmək məqsədi irəli sürülüb. Artıq məqsədimizə nail olmuşuq. Burada problemimiz də ortaya çıxıb. Baş məşqçimiz seçim zamanı bir çox əziyyətlər çəkir ki, bir nömrə kimdir, onun əvəzləyicisi kimdir. Təbii ki, bu uğurumuzdur və yığmaya düşmək üçün rəqabət güclüdür”.
Vitse-prezident gələn il Avropa Oyunlarında hazırlıqla bağlı da məlumat verib. O bildirib ki, burada gimnastikanın 6 növü baş tutacaq yarışların yüksək səviyyədə keçməsi üçün lazımı tədbirlər görüləcək.
Həsənov sabah baş tutacaq açılış mərasiminin bəzi sirlərini də açıqlayıb. Onun sözlərinə görə, açılışda hamısı milli komandanın üzvləri və məşqçilər olacaq: “Bu dəfə kənardan heç kim gəlməyib. Quruluşçu rejissor da baş məşqçimizin özüdür”.
Ardınca Avropa Gimnastika İttifaqının (UEG) bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Hayde Bruneder təşkilatçılıqdan inam ifadə edib. Onun sözlərinə görə, Təşkilat Komitəsində yer alan hər bir kəs işinə peşəkarcasına yanaşır.
Azərbaycan Gimnastika Federasiyasının baş katibi, eyni zamanda UEG-in vitse-prezidenti Fərid Qayıbov Avropa Oyunlarına test xarakterli yarışda uğurlu çıxış edəcəyimizə inandığını deyib. O bildirib ki, Avropa çempionatının ardınca gələn ilin martında növbəti test yarışı olacaq: "Bu dəfə Avropa Oyunlarında yer alacaq 6 növ üzrə yarışlar keçiriləcək. Avropa çempionatına qatılacaq 33 ölkədən isə artıq 30-u məhz Olimpiya kəndində, digər 3-ü başqa oteldə qalır. Hamısı buradan razıdır”.
Millimizin baş məşqçisi Mariana Vasilyeva da yetirmələrinin uğurlu çıxış edəcəyini bildirib. Onun sözlərinə görə, Aliyə Qarayevanın gedişindən sonra artıq gənc nəsil formalaşıb və onlar böyük potensiallar vəd edirlər: “Bütün bunlar növbəti illərə də hesablanıb. Onların Avropa Oyunları, dünya çempionatı və Olimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil edəcəklərinə inanıram. Federasiya bizim üçün əla şərait yaradıb. Artıq regionlardan çempionlar, mükafatçılar çıxır. Avropa çempionatına gəlincə, burada ən yaxşı nəticə qazanmaq üçün çalışıb, maksimum gücümüzü sərf edəcəyik”
Vasilyevanın sözlərinə görə, yarışda milli musiqimizdən də istifadə olunacaq və qrup hərəkətləri üzrə yığmamız “Sarı gəlin”in sədaları altında çıxış edəcəklər.
Qeyd edək ki, iyunun 13-15-də Milli Gimnastika Arenasında keçiriləcək yarışda 33 ölkədən 200-dən artıq idmançı 9 dəst medal uğrunda mübarizə aparacaq.