Bu gün Qəbələ Olimpiya Kompleksində təşkil olunacaq kikboksinq üzrə reytinq xarakterli "Glory Ranked Fights" turniri ilə əlaqədar mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə “Qafqaz Sport” otelində keçirilən tədbirdə yarışın baş meneceri Dennis Krauvell əvvəlcə "Qəbələ" İdman Klubu ilə əlaqələri barədə danışıb. O bildirib ki, reytinq xarakterli döyüşlər keçirən "Glory" ilə əməkdaşlığa başlanılıb. Həmin əməkdaşlıq nəticəsində güclü idmançılar üzə çıxardıqlarını deyən Dennis Krauell onların beynəlxalq arenada kifayət qədər tanındıqlarını vurğulayıb: "Çalışdıq ki, "Qəbələ" klubunda yetişən idmançıları da "Glory"yə cəlb edək. İlk növbədə, azərbaycanlı idmançıları yüksək səviyyəyə çatdırmağa çalışmalıyıq. Bir çox ölkədən müxtəlif döyüşçüləri bir araya gətirməyə çalışdıq. Bəziləri burada özlərini göstərərək yüksək səviyyəyə qalxmağa hazırdırlar".
Baş menecer Dennis Krauvell iyunun 29-da keçiriləcək yarışda tamaşaçıları bir-birindən maraqlı döyüşlərin gözlədiyini bildirib. Onun sözlərinə görə, əvvəlcə yüngül çəkilərdə 5 döyüş olacaq: Daniel Korbeanu (Rumıniya) - Rahim Əliyev (Azərbaycan), Roman Mayılov (Ukrayna)-Matyuş Kopyek (Polşa), Quo Xianfenq (Çin)-Ramal Aslanov (Azərbaycan), Yuri Kel (Almaniya)-Telman Süleymanov (Azərbaycan), Teo Mikeliç (Xorvatiya)-Tadas Jonkus (Litva). Sonra isə ağır çəkidə olan idmançıların 4 döyüşü olacaq. Erkan Varol (Türkiyə)-Albert Kraus (Hollandiya), Camal ben Saddiq (Mərakeş)-Hesdi Greqes (Misir), Lim Çi Bin (Cənubi Koreya)-Mosab Amrani (Mərakeş), Jiao Fukai (Çin)-Pərviz Abdullayev (Azərbaycan).
"Qəbələ" İdman Klubunun Media və Marketinq Departamentinin rəhbəri Səməd Nəsibov klub nəzdində təkcə futbol deyil, digər növlərin də fəaliyyət göstərdiyini söyləyib. O, yaxın vaxtlarda idman növlərinin sayının artırılacağını bildirib. Səməd Nəsibov bütün döyüş iştirakçılarına uğurlar arzulayıb.