[b]Elman Muxtarov: Məndə qorxu yox, həyəcan var idi [/b]– MÜSAHİBƏ
14.06.2015 - 14:55
[b]Elman Muxtarov: Məndə qorxu yox, həyəcan var idi [/b]– MÜSAHİBƏ

I Avropa Oyunlarının bürünc mükafatçısı, 59 kq çəki dərəcəsində yunan-Roma güləşçisi Elman Muxtarovun apasport.az saytına müsahibəsi

 

- Bürünc medal uğrunda görüşdə erməni idmançıya qalib gəldiniz. Məlum məsələdi ki, Ermənistan güləşçisi ilə qarşılaşanda idmançılarımızda qələbə istəyi daha çox olur. Ancaq eyni zamanda, həyəcan da pis həddə çatır...

- Sevincimin həddi hüdudu yoxdu. Həlledici görüşdə rəqibim erməni idmançısı idi. Buna baxmayaraq, mən döşək üzərinə daha çox həvəslə çıxdım. Görüşə çox yaxşı köklənmişdim. Qarşıma məqsəd qoymuşdum ki, ona qalib gəlməliyəm. Özümü qorxutmurdum. Mən görüşə qələbə üçün çıxmışdım. Allaha şükürlər olsun ki, istəyimə çatdım.

 

- Bu uğura imza atacağınızı gözləyirdizmi?

- Qızıl medal qazana bilməsəm də, heç olmasa, bürünc medal əldə edib, bayrağımızı yüksəldə bildim. Təbii ki, hər bir idmançı kimi, mən də birinci olmaq istərdim. Amma üçüncü yer də yaxşı nəticədi.

 

- Bürünc medal uğrunda görüşə həyəcansız çıxmamaq mümkün deyil. Maraqlıdı, psixoloji cəhətdən özünüzü necə hazırlamışdız?

- Məndə qorxu yox, həyəcan var idi. Allah eləməsin, öz ölkəmdə, həmyerlilərimizin qarşısında uduzsaydım, çox pis olardı. Mənim yerimdə başqası da olsaydı, bu hissləri keçirərdi. Görüşdən öncə yalnız qələbə barədə düşünürdüm.

 

- Evdə, ailə üzvləri bu qələbənizi necə bayram etdilər?

- Onlar da qələbə xəbərimi çox yaxşı qarşıladılar. Xalqımız kimi, ailə üzvlərim də sevinclidilər. Bəlkə də, karyeram ərzində ən çox indi narahatlıq hissi keçirdilər. İlk dəfədi ki, böyüklər arasında yarışda çıxış elədim və medalımı qazandım. İnşallah, gələcək yarışlarda da öz sözümü deyəcəm. Bununla arxayınlaşmaq olmaz.

 

- Sizcə, güləşçilərimiz qazanılan medalların sayını artıra biləcəklərmi?

- İnşallah, yaxşı olar. Bu cür yarışın öz ölkəmizdə keçirilməsi məsuliyyəti daha da artırır. Allahın köməkliyi ilə hamısı yarışı medalla tərk edər. Mən digər idmançılarımıza da uğurlar arzulayıram.   

 

Tengiz MƏMMƏDOV