Murat Dikmen: "Yarımfinalın daha sərt keçəcəyini düşünürəm"
06.05.2024 - 14:34
Murat Dikmen: "Yarımfinalın daha sərt keçəcəyini düşünürəm"

"Yarımfinalda "NTD İndiqo" ilə qarşılaşacağıq. Bu mərhələnin daha sərt keçəcəyini düşünürəm. Çünki hər komandanın çempionluq hədəfi var".

Apasport.az xəbər verir ki, bunu "Xəzri"nin baş məşqçisi Murat Dikmen Azərbaycan Basketbol Liqasında "Sərhədçi"yə 91:70 hesabı ilə qalib gəldikləri pley-off mərhələsinin 3-cü oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Türkiyəli mütəxəssis rəqibin pley-offda çox yaxşı mübarizə apardığını bildirib: "Baş məşqçilərini təbrik edirəm və bundan sonra uğurlar arzulayıram. İlk matçda həm hücumda, həm müdafiədə çox yaxşı təşkilatlanmışdıq. Amma ikinci görüşdə onlar yaxşı mübarizə apardılar. Həmin gün xüsusilə hücumda çox pis çıxış etdiyimiz üçün məğlub olduq. Pley-off mərhələsində mübarizə aparmaq həqiqətən çox çətindir. Mental olaraq hər oyuna ayrı hazırlaşmaq lazımdır. Burada ssenarilər fərqli olur. Bu hər iki komandanın hər şeyini ortaya qoyacağı bir matç idi. Burada rəqibin hansı hücum sistemində necə oynayacağını yaxşı bilirdik. Xüsusilə ilk hissədə müdafiədə möhtəşəm oynadıq. Böyük fasiləyə yollananda rəqib, sadəcə, 30 xal toplamışdı. Bu da həqiqətən çox vacib bir şeydir. Müdafiədə yaxşı çıxış etməklə sükanı əlimizə aldıq. Ümumilikdə qarşılaşmanın 39 dəqiqə 38 saniyəsini hesabda öndə oynamaq təşəbbüsün əvvəldən sonadək bizdə olduğunu göstərir".

Murat Dikmen yarımfinala yüksəldikləri üçün bütün oyunçuları, meneceri, özəl olaraq da köməkçi məşqçini və bütün heyəti təbrik edib: "Ümid edirəm ki, bundan sonra daha da yaxşı hazırlaşıb finala vəsiqə qazanarıq".

0