“Neftçi” və “Sabah” Azərbaycan çempionatında oynaya bilər
17.05.2022 - 12:26
“Neftçi” və “Sabah” Azərbaycan çempionatında oynaya bilər

“Qeyri-adi bir şey baş verməsə ölkə çempionatını oktyabrda başlamağı planlaşdırırıq”. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev deyib.

Qurumun təşkil etdiyi “Yeni nəfəs, yeni başlanğıc” adlı tədbirdən sonra jurnalistlərin suallarını cavablandıran federasiya rəhbəri Azərbaycan çempionatının başlayacağı vaxt barədə danışıb: “Hazırda “Neftçi” və “Sabah” klubları bizə maraqlarını ifadə ediblər. Bu, həm klublar, həm federasiya üçün yeni prosesdir və bir bəlli ortaq məxrəcə gəlmək lazımdır. Bizim bir-birindən çox fərqli olan komandalardan ibarət çempionat da yaratmaq istəmirik. İkinci məsələ komandaların sayıdır. Ənənəvi komandalar NTD və “Xırdalan” da ola bilər. Onlar da çempionata böyük maraq göstərirlər. Bu dörd klubun marağı var. Eyni zamanda, ali təhsil müəssislərindən Bakı Dövlət Universiteti, Dövlət Neft və Sənaye Universiteti, ADA Universiteti birmənalı olaraq bu işə böyük vaxt və resurs ayırır, söhbətimiz də olub. Amma əsas məsələ ondan ibarətdir ki, çempionatımızı tamamilə legionerlərdən ibarət görmürük. İstəyirik ki, azərbaycanlı basketbolçular, həm əsas, həm gənclərdən ibarət yığmaların üzvləri bu komandaların aparıcı oyunçuları olsunlar. Təbii ki, legionerlər də olacaq. Bu elə bir idman növüdür ki, legionerlərsiz alınmır. Amma müəyyən legioner limiti və sair də müzakirə olunur. Bu qərarlar veriləndən sonra təxminən iyunun sonu, iyulda çempionatın formatını və komanda sayı ilə bağlı ümumi qərara gələ biləcəyik. Bir də regional komandalar faktoru var. Universitetlərin bazasında və basketbola həvəsi olanların bazasında Naxçıvan, Gəncə, Lənkəran və Quba bölgələrində də infrastruktur olmalıdır ki, çempionata komandaları dəvət edək. Minimum 6, maksimum 8 komanda ilə çempionata – Superliqaya başlaya bilsək, bu, çox yaxşı olar. Eyni zamanda da aşağı liqalar da təşkil edə bilərik ki, gələcəkdə komanda sayını artıra bilək”.

Federasiya prezidenti klubların necə maliyyələşəcəyinə də toxunub: “Hazırda federasiyanın özünün də maliyyələşməsi ilə bağlı modellər üzərində işləyirik. Federasiya aidiyyatlı sponsorlarla, klubların özünün maliyyələşməsinə baxırıq, necə edə bilərik ki, bu maliyyələşmə dayanıqlı olsun, müvəqqəti olmasın. Federasiya olaraq iki maliyyələşmə modelini düşünürük. Biri sırf universitetlərlə bağlıdır. Bir çox ölkələrdə olan basketbolçular həm tələbə həyatı yaşayır, həm basketbol oynayır. Basketbol bir çox ölkələrdə tələbə idman növüdür. Buna görə tələbə təqaüdlərindən aktiv istifadə etməyi düşünürük. Universitet komandalarımızın həm özlərini, həm aşağı yaş qrupu komandalarını stimullaşdırmağa və universitetin özü üçün də daha yaxşı tanınma imkanıdır. Eyni zamanda, sponsorluq və reklam xərclərinin federasiya və klublar tərəfindən hansı şəkildə toplanılması və paylanılmasını tənzimləyən sənədləri hazırlayacağıq. Mənə görə uzunmüddətli perspektivdə basketbol özünü maliyyələşdirən, həm də kənardan dəstək alan model olmalıdır. Yalnız bir tərəfdən dəstək alanda sponsor olmayanda klublar fəaliyyətini dayandırıb. Federasiya tərəfindən klublara müəyyən maliyyə veriləcək. Klubların marağında olmalıdır ki, yüksək liqada qalıb həmin maliyyəni alaraq maaşları verə bilsinlər. Tək bununla yəqin çətin olacaq. Digər mənbələrə baxırıq və araşdırırıq”.

Federasiya rəhbəri koronavirus pandemiyasından əvvəl gündəmə gələn, lakin yarımçıq qalan “NBA Junior” layihəsi barədə də danışıb: “Bu model də müzakirə olunanlar arasındadır. Bunu gündəlikdən kənara atmamışıq. Sadəcə olaraq dekabrda federasiyadakı dəyişikliklərdən sonra hələ də koronavirusla bağlı qeyri-müəyyənlik var idi. İndi həmin yaşda olan uşaqlarla bağlı məktəb prosesi də bitir. Bu iki qərar yəqin ki, paralel olaraq verilməlidir. Biri digərinə mane olmur. Mahiyyətcə fərqli modellərdir. Təqdim etdiyimiz basketbolunun inkişaf proqramının mahiyyəti daha çox milli komandaya peşəkar basketbolçu yetişdirməkdir. “NBA Junior”da da bu var. Amma daha çox kütləvilik və həvəskar səviyyədə olmasıdır. Federasiya olaraq bizim üçün basketbolun sosial tərəfi olduqca vacib məsələdir. Həm qızların cəlb olunması, həm regionlardakı uşaqların cəlb olunması. Söhbət heç də həmişə peşəkar basketboldan getməyəcək. Şəhərin müxtəlif yerlərində daha çox basketbol meydançaları görməyə başlayacaqsız. Həvəskar komandalar burada çıxış edə biləcək”.

Qurum başçısı bildirib ki, məşhur komanda və ya oyunçunun qonaq qismində dəvət olunmasının planlaşdırılmadığını qeyd edib: “Mərhələli baxmaq lazımdır. Biz haradan başlayıb, hara gedirik. Bu, çox vacibdir. Atdığımız hər bir addımın nəyə xidmət etdiyini və nə üçün olduğunu danışmalıyıq. Hazırda üç prioritetimiz var. Birincisi keyfiyyətli çempionat, keyfiyyətli komandalar və azarkeş sayı. Eyni zamanda, milli komandalar. Yayda müxtəlif turnirlər var və bunun hazırlıq planı da var. Yaxın gələcəkdə belə proqramlar etməyi planlaşdırmırıq. Amma yaxşı fikirdir. Bu, növbəti mərhələlərdə mümkün olar”.

1