Elm və təhsil naziri, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasovla birlikdə Qusar Olimpiya İdman Kompleksində olub.
Apasport.az saytının məlumatına görə, tanışlıq xarakterli səfərdə qonaqlar idman qurğusunun komanda idman növləri, güləş və üzgüçülük zallarına baxış keçiriblər.
Kompleksin direktoru Elşən Məmmədov bildirib ki, rayonun uşaq və yeniyetmə məktəbliləri arasında idmana böyük maraq var, həftənin bütün günlərində müxtəlif bölmələrə məşq üçün axın olur. Bu baxımdan, səfər Milli Olimpiya Komitəsi tərəfindən həyata keçirilən badminton layihəsinə, Qusar şəhəri 2 saylı Tam Orta Məktəbin şagirdləri üçün Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi "Üzməyi öyrənək" layihəsi üzrə məşqlərə və voleybol məşğələsinə təsadüf edib.
Şagirdlərin idman bölmələrinə daha da çox yazılmalarından ötrü Quba - Xaçmaz Regional Təhsil Şöbəsinin dəstəyinə də ciddi ehtiyac duyulduğu diqqətə çatdırılıb. Əmrullayev Qusar məktəblərində görüşlərə lazımi şəraitin yaradılacağını vurğulayıb.
Nazir Qusar Olimpiya İdman Kompleksində bu yaxınlarda açılan basketbol bölməsinin fəaliyyəti ilə də maraqlanıb. Qusar rayonunun ən böyük - 1500 nəfərlik qapalı məkanı olan komanda idman növləri zalında basketbol yarışlarının təşkilinin mümkünlüyü də nəzərdən keçirilib.