
Təcrübəli futbol funksioneri Ceyhun Sultanov apasport.az saytına müsahibə verib.
O, “Araz-Naxçıvan”ın avrokuboklardakı çıxışından danışıb. Təmsilçimizə yeni transferləri ilə bağlı məsələlərdə kömək edən Sultanov “Araz-Naxçıvan”ın əsas mərhələyə qədər irəliləmək şansının mümkünlüyündən danışıb.
- "Araz-Naxçıvan" "Aris" səddini keçə bildi. Əslində, püşkatmadan sonra "Araz-Naxçıvan"a şans çox verilmirdi, çətin görünürdü, amma onlar bunu bacardılar. Sizcə, "Araz-Naxçıvan" nəyin sayəsində bu cür güclü rəqibini keçə bildi?
- Düzdür, "Aris"in güclü rəqib olduğunu hamı bilirdi. Bu cütdə "Araz-Naxçıvan"ın şanslarının az olduğunu da hamı deyirdi. Amma futbolda elə şeylər olur ki, güclü rəqibə qalib gələ bilirsən. Sadəcə olaraq, komandada yer alan futbolçular daha keyfiyyətli idi. Oyun planında da məşqçinin verdiyi tapşırıqları dəqiq yerinə yetirdilər. Əsas da, istəkli idilər. Bunun da sayəsində "Araz-Naxçıvan" mərhələni keçən tərəf oldu.
- Yunanıtan mətbuatında tez-tez bu haqda yazılır, yunan mütəxəssislər də "Aris"in "Araz-Naxçıvan"ı ciddiyə almamasından şikayətlənirlər. Sizcə də, bu, önəmli rol oynadı?
- Yox, ciddiyə almamaq məsələsi ilə barışmıram. Yaxşı, ilk oyunda ciddiyə almaya bilərsən. Amma ikinci oyun öncəsi rəqibin necə oynadığını bilirsən, ona qarşı özünün də necə oynayacağını bilməlisən. Məncə, bu nüans deyil. Ciddiyə almayan birinci oyunda almaz, ikinci görüşdə isə ciddiyə alıb daha yaxşı oynayardı. Amma biz bunu görmədik. "Araz-Naxçıvan" hər iki görüşü yaxşı səviyyədə keçirdi. “Araz-Naxçıvan"ın yeni transferlərinin hər biri özünü çox yaxşı tərəfdən göstərə bildi. İki oyunla nəsə demək bəlkə tezdir.
- Amma düşünmək olar ki, yeni transferlər uğurlu çıxdı? "Araz-Naxçıvan" onları yəqin ki, uzun müddət izləyərək, müqavilə imzaladı, yoxsa atmosferə tez bir zamanda adaptasiya oldular?
- Məncə, çox şey danışmağa ehtiyac yoxdur. Keyfiyyətli oyunçulardır. Amma hansılar nə qədər tez adaptasiya olacaqsa, onların oyunu daha da qabarıq görünəcək. Düşünürəm ki, "Araz-Naxçıvan" adına yaxşı transferlər edilib.
"Araz-Naxçıvan"ı qarşıda "Omoniya"ya qarşı görüş gözləyir. Kipr klubu avrokuboklarda böyük təcrübəyə malikdir.
- Necə düşünürsüz, "Aris" səddi keçilibsə, "Araz-Naxçıvan" üçün "Omoniya" səddi də keçilə bilər?
- "Omoniya" çox yaxşı rəqibdir. Mobil komandadır. "Aris"lə arasındakı fərq odur ki, Saloniki klubu heyətə yeni futbolçular cəlb etmişdi. Amma "Omoniya" oturuşmuş komandadır. Düzdür, çətin oyun olacaq. Fikrimcə, bu səddi də keçmək mümkündür. Ümidvaram ki, hər şey yaxşı alınacaq.
- "Araz-Naxçıvan"ın əsas üzvü olan İqor Ribeyro yəqin ki, bu matçlarda olmayacaq, artıq "Neftçi"yə qoşulacaq. Bu, əslində böyük itki hesab edilə bilər. Sizin bu haqda fikrini necədir? Ribeyrosuz "Araz"a çox çətin olacaq?
- Biz bilirik ki, İqor gec-tez "Neftçi"yə keçəcək. Ona görə də, bununla barışmaq lazımdır. "Araz-Naxçıvan"ın İqorsuz da oyunları olub. Düzdür, komanda üçün itki olacaq. Lakin bu, o demək deyil ki, "Araz-Naxçıvan" İqor Ribeyrodan asılıdır.
- Ən azından İqor səviyyəsində legioner müdafiəçinin transferini gözləmək olar, yoxsa Rahil Məmmədovla transfer məsələsi ən azından qışa qədər bitdi?
- Transferlərlə bağlı məsələ odur ki, daha bir transfer olmayacaq. Yəni, komanda bu heyətlə qalacaq. Bəlkə deyirəm... Bəlkə. Allah qoysa, doğru olar. Əsas mərhələyə yaxınlaşsaq, bəlkə onda transfer barədə düşünmək olar. Amma bu günə olan odur ki, transfer məsələsi bağlanıb.
- "Omoniya" səddi keçilərsə, köhnə dillə desək, qrup da real olacaq? Komandanın əsas mərhələyə qədər irəliləməyə gücü çatar? Potensialı və perspektivi görürsən?
- Təbii ki, bu potensial "Araz-Naxçıvan"da var. Mütləq ki, var. Ancaq qrupa qədər futbolçuların durumu önəmlidir. Yəni futbolçulardan hansısa cəza və ya zədə ilə bağlı oyunları buraxmalı olsa, problemlər yaşanacaq. Amma ümumi götürəndə, "Araz-Naxçıvan"ın qarşıdakı matçlarda da uğurlu çıxış edib, siz deyən mərhələyə qədər getməyə potensialı var.