Avropa Liqasının Liqa mərhələsinin VI turunun “Elfsborq” (İsveç) - “Qarabağ” matçından (1:0) sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı fikirlərini bildirib:
“Yaxşı müdafiə olunan komandaya qarşı oynayırdıq. Təəssüf ki, məğlub olduq. Halbuki bura qələbə qazanmaq üçün gəlmişdik. Futbolçularım sona kimi mübarizə apardılar. Sadəcə, futbol səhvlər üzərində qurulub. Ani diqqətsizlik nəticəsində qapımızda qol gördük. İstənilən halda futbolçularıma təşəkkürümü bildirirəm. Bu il çox əziyyət çəkdilər. Daha da böyümək üçün irəli baxmalıyıq. Builki avrokubok oyunları yaxşı təcrübə oldu”.
Baş məşqçi qış transfer dönəmində heyətə yeni oyunçu cəlb etməyə çalışacaqlarını deyib: “Hər il komandaya yeni oyunçular cəlb etməyə çalışırıq. Ancaq bu o demək deyil ki, əlimizdəki futbolçuları göndərməyi düşünürük. Yeni oyunçu axtarışındayıq. Transfer dönəmində bir neçə yenilik etmək istəyirik. Bu da gedişatdan asılıdır”.