Monteneqronun Budva şəhərində keçirilən U-17 Avropa çempionatında Azərbaycan boksçuları uğurlu çıxışlarını davam etdirirlər.
Apasport.az xəbər verir ki, yarışın beşinci günündə millimizin daha 3 üzvü 1/4 finala, 2 boksçusu isə yarımfinala vəsiqə qazanıb.
48 kq çəki dərəcəsində mübarizə aparan Nihad Məmmədli 1/8 finalda polşalı Filip Borkovskini 5:0 hesabı ilə məğlub edib. O, 1/4 finalda rusiyalı Akmal Dustiyevlə qarşılaşacaq.
İsmayıl Nəsirzadə (52 kq) litvalı Vakaris Kiseliunasa 5:0 hesabı ilə qalib gəlib. Təmsilçimizin növbəti rəqibi israilli Qleb Qrinblat olacaq.
Məhəmmədəli İstamov (57 kq) isə irlandiyalı Martin Donovanı ikinci raundda tam üstünlüklə məğlub edib. O, yarımfinala yüksəlmək üçün yunanıstanlı Elefterios Zurnatsislə döyüşəcək.
Qadın boksçularımızdan Səma Abbasova (66 kq) 1/4 finalda israilli Aleksandra Kerdolla qarşılaşıb. İkinci raundda tam üstünlüklə qələbə qazanan idmançımız yarımfinala yüksəlib. Abbasova finala vəsiqə uğrunda rusiyalı İustina Anufriyeva ilə üz-üzə gələcək.
Xumar Cəfərli (+80 kq) də rumıniyalı Aleksandra Liteanunu 5:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb. O, yarımfinala yüksəlmək üçün ukraynalı Sofiya Opalyuxla qarşılaşacaq.
Yarımfinala vəsiqə qazanan Azərbaycan boksçuları özləri üçün ən azı bürünc medalı təmin ediblər.
Qeyd edək ki, millimizin 1/4 finala yüksələn boksçularının sayı 11-ə çatıb. Yarışda 1/4 final görüşləri bu gün, yarımfinal döyüşləri isə oktyabrın 9-da keçiriləcək.