Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmiləri bu idman növündəki yeni qaydalarla bağlı təşkil olunmuş texniki seminarda iştirak ediblər.
Apasport.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (IJF) təşkil etdiyi tədbir iki gün davam edib.
Seminara vitse-prezident Elnur Məmmədli, ACF-in prezidentinin müşaviri Natiq Bağırov, böyüklərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, hakimlər üzrə menecer Mətin Rəhimli, hakimlər Arzu Acalova, Fariz Hüseynov, Akif Tahirov və Nazim Umbayev qatılıblar.
Burada IJF-in Təhsil, Hakimlik və İdman Komissiyaları yeni qaydaları ətraflı izah edib və əyani şəkildə nümayiş etdiriblər.
IJF dekabrın 13-də cüdoda tətbiq ediləcək yeni qaydaları rəsmən elan edib.
Paris-2024 Yay Olimpiya Oyunlarından sonra aparılan təhlil və müzakirələrin nəticəsi olaraq qaydalar növbəti Olimpiya dövrünə uyğunlaşdırılıb və yenilənib. Yeni qaydaların 1 yanvar 2025-ci il tarixindən etibarən qüvvəyə minəcəyi və 2025-ci ilin iyununda keçiriləcək böyüklər arasında dünya çempionatından sonra yenidən nəzərdən keçiriləcəyi bildirilib.