Paris-2024: Gimnastlarımızdan tarixi nəticə - YENİLƏNİB
10.08.2024 - 18:21
Paris-2024: Gimnastlarımızdan tarixi nəticə   - YENİLƏNİB

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası “Paris-2024”də bu gün final çıxışlarını nümayiş etdirib.

Apasport.az xəbər verir ki, dünən adını dünyanın ən güclü 8 komandası arasına yazdıran millimiz bu gün final mərhələsini 5-ci sırada başa vurub.

Zeynəb Hümmətova, Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova və Yelizaveta Luzanın təmsil etdiyi qrup hərəkətləri komandamız 5 halqa proqramında 34.850, 3 lent və 2 top proqramında 31.600, ümumilikdə isə 66.450 xal toplayaraq bu nəticəyə nail olublar.

Onlar finalda mübarizə aparan Ukrayna, Özbəkistan və ev sahibi olan Fransa komandasının təmsilçilərini qabaqlayaraq sıralamada önə keçiblər.

Qeyd edək ki, bu, bədii gimnastika üzrə qrup hərəkətləri komandamızın Olimpiadada nümayiş etdirdiyi ən yaxşı performans olub.

***

17:15

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final mərhələsində növbəti çıxışını həyata keçirib.

Apasport.az xəbər verir ki, təsnifat mərhələsini 8-ci pillədə başa vuran Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət bu dəfə 3 lent və 2 topla səhnəyə çıxıb.

Komandamız 31.600 xala layiq görülüb. Təmsilçilərimiz 2 çıxışdan sonra hələ ki birinci pillədə qərarlaşıblar. 

 

***

16:14

Bu gün Paris-2024-də bədii gimnastika üzrə yarışlara yekun vurulacaq.

Apasport.az xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası final mərhələsində bacarığını göstərib.

Komandamız ilk çıxışlarında halqa ilə bacarıqlarını nümayiş etdiriblər. 

İlk mərhələdə komandamız 34,850 xal toplayıb.

0