Maqomedov gümüş, Əliyev bürünc qazanıb
06.06.2024 - 22:57
Maqomedov gümüş, Əliyev bürünc qazanıb

Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turnirinə start verilib.

Apasport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 4 sərbəst güləşçisi mübarizəyə qoşulub.

Əliabbas Rzazadə (57 kq) 1/4 finalda özbəkistanlı Qulamjon Abdullayevə “tuş”la qalib gəlib. Ancaq yarımfinalda hakimlərin müəmmalı qərarları və zədə həlledici olub. Yaponiyalı Rei Hiquçiylə görüşdə həmyerlimizin ardıcıl fəndləri cəmi 8 xalla qiymətləndirilib. Qarşılaşmanın davamında Əliabbasın çiynindən aldığı zədə rəqibə müqavimət göstərməyə imkan verməyib – 8:18. Rzazadə zədələndiyi üçün bürünc medal uğrunda görüşə də çıxmayıb.

Hacı Əliyev (65 kq) A qrupunda ilk turda yaponiyalı Kotaro Kiyokaya 5:2 hesabıyla qalib gəlib. Özbəkistanlı Ümidjon Calalov xalçaya çıxmadığı üçün 2-ci turda həmyerlimizə texniki qələbə verilib. Əliyev 3-cü turda son dünya çempionu İsmayıl Musukayevə (Macarıstan) məğlub olub – 3:9. Hacı yarımfinalda iranlı Abbas İbrahimzadəyə 0:6 hesabıyla uduzub. Güləşçimiz bürünc medal uğrunda görüşdə meksikalı Austin Qomeslə qarşılaşıb və 12:3 hesabı ilə qalib gəlib.

Maqomedxan Maqomedov (97 kq) 1/4 finalda slovakiyalı Batirbek Tsakulova tam üstünlüklə qalib gəlib – 12:2. Təmsilçimiz yarımfinalda qazaxıstanlı Rızabek Aitmuxandan güclü olub – 15:7. Maqomedxan finalda Alişer Yergali ilə üz-üzə gəlməli idi. Amma yığmamızn üzvü final görüşünə çıxmayıb.

Giorgi Meşvildişvili (125 kq) reytinq turnirində mübarizəni erkən dayandırıb. O, Conovan Darius Smitə uduzub.

Qeyd edək ki, yığmamız turnirə 14 güləşçi ilə qatılıb.

0