Ruzanna Məmmədova : "17 yaşda fəxri kürsüyə qalxmaq mənim üçün böyük uğurdur”
24.05.2024 - 14:16
Ruzanna Məmmədova : "17 yaşda fəxri kürsüyə qalxmaq mənim üçün böyük uğurdur”

“Özümdən bu nəticəni gözləyirdim”.

Apasport.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanan qadın güləşçi Ruzanna Məmmədova Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlamasında deyib.

59 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bildirib ki, finala yüksələ bilməməsində təcrübəsizlik böyük rol oynayıb: “Həlledici mərhələdə iştirak hüququ əldə etməyim üçün cəmi 1 xal çatmadı. Amma təsəlliverici görüşdən qalib ayrıldım. Ardınca bürünc medal uğrunda qarşılaşmada da tam üstünlüklə qələbə qazandım. 17 yaşda 23 yaşlılar arasında fəxri kürsüyə qalxmaq mənim üçün böyük uğurdur”.

O, gələcək hədəflərindən də bəhs edib: “Bizi qarşıda U-20 Avropa çempionatı gözləyir. Oraya hazırlaşacağıq. Ümid edirəm ki, səhvlərimin üzərində işləyib Vətənə qızıl medalla qayıdacağam”.

Qeyd edək ki, Azərbaycanın digər güləşçiləri - Ziya Babaşov (63 kiloqram), Xasay Həsənli (77 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qitə çempionu olublar. Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın Vəliyev (87 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) isə bürünc medala yiyələniblər. Turnirə mayın 26-da yekun vurulacaq.

0