
Macarıstanın paytaxtı Budapeştdə reytinq turniri davam edir.
Apasport.az xəbər verir ki, yarışın ikinci günündə sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.
Turan Bayramov (74 kq) 1/8 finalda amerikalı Deyvid Kara 3:5 hesabıyla məğlub olub. Bu çəkidəki digər təmsilçimiz Maqomed-Başir Xaniyev qazaxıstanlı Alibek Abdikassimov xalçaya çıxmadığı üçün qələbə qazanıbsa, Alibekin həmyerlisi Yeldos Kuanişbaya vaxtından əvvəl qalib gəlib – 13:2. Yarımfinalda bəhreynli Maqomedrasul Asluyevi 4:2 hesabıyla üstələyən Xaniyev həlledici görüşdə yaponiyalı Kоtа Takahaşiyə (0:4) uduzub və gümüş medalı boynundan asıb.
Arseniy Djioyev (86 kq) gürcüstanlı Tornike Samxaradze zədələndiyi üçün tər tökmədən 1/4 finala yüksəlib. Milli üzvü daha sonra slovakiyalı Boris Makoyev (3:0) və türkiyəli Osman Göçenə (10:0) gücünü göstərərək adını finala yazdırıb. Olimpiya mükafatçısı, belaruslu Maqomedxabib Kadimaqomedov zədə üzündən xalçaya çıxmadığı üçün Djioyev qızıl medala sahib çıxıb.
Osman Nurmaqomedov (92 kq) bəhreynli Maqomed Şaripovu (6:1) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda son Avropa çempionu, yunanıstanlı Dauren Kuruqliyevə 1:5 hesabıyla məğlub olub. Bu çəkidəki digər təmsilçimiz Abubakr Abakarov təsnifat mərhələsində amerikalı Trent Hidleylə bacarmayıb – 2:7. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan Abakarov macarıstanlı Kristiyan Anqyala heç bir şans tanımayıb – 11:0. Bürünc medal görüşü isə baş tutmayıb. Kuruqliyev zədələndiyi üçün güləşməyib və Abakarov yarışı üçüncü pillədə başa vurub.
Beləliklə, millimiz turniri 5 medalla tamamlayıb.
Xatırladaq ki, ötən gün İslam Bazarqanovla (57 kq) Əli Rəhimzadə (65 kq) gümüş medal qazanıb. Yığmamız 100 xalla komanda hesabında 3-cü yeri tutub. Millimiz Gürcüstandan cəmi 5, ABŞ-dan isə 2 xal geri qalıb.