Santuş üçün ideal ad günü hədiyyəsi
10.10.2024 - 12:42
Santuş üçün ideal ad günü hədiyyəsi

Bu gün Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş yubileyini qeyd edir.

Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin 70 yaşı tamam olur.

O, 1954-cü ildə Lissabonda anadan olub və futbolçu karyerasına “Benfika”nın gənclər komandasında başlayıb. Santuşun peşəkar karyerası uzun sürməsə də, sonradan diqqətini məşqçilik sahəsinə yönəldib.

Burda ilk ciddi təcrübəsini özünün futbolçu kimi çıxış etdiyi “Estoril Praya” klubunda qazanıb. O, daha sonra Portuqaliyanın nəhəng klublarından biri olan “Porto”da baş məşqçi kimi çalışaraq 1998-99 mövsümündə ölkə çempionu olub.

Santuşun beynəlxalq səviyyədə tanınması isə Yunanıstanda çalışdığı dövrdə baş verib. Mütəxəssis AEK, “Panatinaykos” və PAOK klublarına rəhbərlik etdikdən sonra 2010-cu ildə Yunanıstan milli komandasına baş məşqçi təyin olunub. Bu yığmanı 2012-ci ildə Avropa çempionatının, 2014-cü ildə isə dünya çempionatının final mərhələlərinə daşıyıb.

Santuşun ən böyük uğuru şübhəsiz ki, Portuqaliya milli komandasının baş məşqçisi kimi qazandığı nailiyyətlərdir. O, 2014-cü ildə milli komandanın baş məşqçisi təyin edildikdən sonra, Portuqaliya futbolunu yeni zirvələrə daşıyıb. 2016-cı ildə keçirilən Avropa çempionatında Portuqaliya onun rəhbərliyi altında tarixi bir çempionluq qazanıb. Bu, ölkə tarixində ilk böyük beynəlxalq titul kimi yadda qalıb. Ardınca Santuşun komandası 2019-cu ildə UEFA Millətlər Liqasının da qalibi olub. Fernandu bununla da, adını ölkə futbol tarixinə qızıl hərflərlə yazdırmağı bacarıb.

Bu gün 70 yaşı olan yığmamızın çalışdırıcısına ən gözəl ad günü hədiyyəsini futbolçularımız verə bilər. Millimizin sabah Estoniyanı məğlub etməsi Santuş üçün ideal mükafat olar.

Qeyd edək ki, Estoniya - Azərbaycan oyunu oktyabrın 11-də saat 20.00-da başlayacaq.

0