Pekin Olimpiadasında çıxışını başa vurmuş 13 idmançımızın 4-dən dopinq-test götürülüb
13.08.2008 - 17:32
Pekin Olimpiadasında çıxışını başa vurmuş 13 idmançımızın 4-dən dopinq-test götürülüb
Pekin. Elşən Məmmədov - APA-Sport. Çinin paytaxtı Pekində olimpiya şəhərciyinin açıldığı iyulun 27-dən indiyədək XXIX Yay Olimpiya Oyunlarına qatılan idmançılardan 1500-dən çox dopinq-test götürülüb. “APA-Sport” agentliyinin məlumatına görə, bu haqda Beynəlxalq Olimpiya Komitəsinin (İOC) mətbuat katibi Jizel Devis məlumat verib. İOC rəsmisi dopinq-testlərdən birinin müsbət nəticə verdiyini açıqlayıb. Onun sözlərinə görə, ispaniyalı velosipedçi Mariya Morenonun qadağan olunmuş eritropin preparatı qəbul etdiyi üzə çıxıb. Nəticədə İOC-un Nizam-İntizam Komitəsi M.Morenonun olimpiadadan kənarlaşdırılması haqda qərar qəbul edib. Yeni qaydalara əsasən, ispaniyalı idmançı 2012-ci il London olimpiadasını da buraxmalı olacaq. J.Devis, onu da bildirib ki, Pekin Olimpiadasının proqramına daxil olan 28 növ üzrə ilk 5 yeri tutan idmançıların hər biri dopinq-testdən keçməlidirlər. Ümumilikdə XXIX Yay Olimpiya Oyunlarında 4500 dopinq yoxlaması aparılacaq. Yarışda çıxışlarını başa vurmuş Azərbaycanın 13 idmançısından 4-ü – olimpiya çempionu Elnur Məmmədli (cüdo), gümüş mükafatçılar Rövşən Bayramov və Vitali Rəhimov (hər ikisi yunan-Roma güləşi), eləcə də 5-ci yeri tutmuş Turan Mirzəyevdən (ağırlıqqaldırma) analiz götürülüb.
0