Cerrard “Liverpul”a çempionluq hədiyyə edə biləcəkmi? - Premyer Liqada mövsüm bitir
22.05.2022 - 10:32
Cerrard “Liverpul”a çempionluq hədiyyə edə biləcəkmi? - Premyer Liqada mövsüm bitir

Bu gün İngiltərə Premyer Liqasında mövsümə yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, sonuncu - XXXVIII turun bütün oyunları eyni vaxtda başlayacaq.

Son tur çempionun, Çempionlar Liqasına (ÇL) vəsiqə qazanacaq 4-cü komandanın və elitanı tərk edəcək sonuncu komandanın kimliyi müəyyənləşəcək. “Aston Villa”nı qəbul edəcək “Mançester Siti” qələbə qazanarsa, digər matçların nəticəsindən asılı olmayaraq, çempion olacaq. Ancaq birminhemlilərin baş məşqçisi Stiven Cerrard və yarımmüdafiəçisi Filip Koutinyo sabiq komandaları “Liverpul”a kömək etmək üçün əlindən gələni edəcək.

“Qırmızılar” doğma arenasında “Vulverhempton”u üstələyib, Mançesterdəki görüşün nəticəsini gözləyəcək.

ÇL-ə yollanacaq 4-cü komanda uğrunda mübarizədə “Tottenhem” “Arsenal”la müqayisədə daha şanslıdır. Axırıncı yerdə gedən “Norviç”in qonağı olacaq Antonio Kontenin yetirmələri qazanacağı minimum 1 xalla tapşırığın öhdəsindən gəlmiş olacaq.

“Mançester Yunayted”lə “Vest Hem”in isə Avropa Liqasına, yoxsa Konfrans Liqasına yollanacağına aydınlıq gələcək. “Qırmızı şeytanlar” “Kristal Pelas”ı məğlub edə bilməsə, qitənin üçüncü dərəcəli turnirində iştirak edə bilər.

Nəhayət, elitanı tərk edən “Uotford”la “Norviç”ə kimin yoldaşlıq edəcəyi də müəyyənləşəcək. Son tur öncəsi “Bernli” ilə “Lids” eyni xala malikdir. Ancaq top fərqinə nəzər yetirdikdə, “Bernli”nin evdə “Nyukasl”ı üstələməsinin “Lids”i Çempionşipə yuvarladacağını demək olar.

⚽  19:00. “Arsenal” – “Everton”
⚽  19:00. “Brentford” – “Lids”
⚽  19:00. “Brayton” – “Vest Hem”
⚽  19:00. “Bernli” – “Nyukasl”
⚽  19:00. “Çelsi” – “Uotford”
⚽  19:00. “Kristal Pelas” – “Mançester Yunayted”
⚽  19:00. “Lester” – “Sauthempton”
⚽  19:00. “Liverpul” – “Vulverhempton”
⚽  19:00. “Mançester Siti” – “Aston Villa”
⚽  19:00. “Norviç” – “Tottenhem”
 

0