“Mançester Siti” “Aston Villa”nı azı 3 qolla məğlub edəcək
22.05.2022 - 14:23
“Mançester Siti” “Aston Villa”nı azı 3 qolla məğlub edəcək

Ulucay Akif (yazıçı):

Maraqlı keçən bir Premyer Liqa mövsümü sona çatmaqdadır. Mövsümün ilk hissəsində heyətini gəncləşdirmiş “Çelsi” boy göstərməyə çalışsa da, komanda uzun marafonda çox tez yoruldu və çempionluq yarışı yenə iki klub arasında getdi.

“Liverpul” və “Mançester Siti”nin, demək olar ki, bərabər olan xalları və top fərqləri rəqabətin nə qədər gərgin keçdiyindən xəbər verir. Komandalar arasında 1 xal fərqin olması bir oyunun belə, nə qədər əhəmiyyətli olduğunu göstərir.

Arada 1 xallıq fərq olsa da, mənə görə Mançester təmsilçisi çempionat boyu daha inamlı təsir bağışladı. Buna səbəb isə “mavilər”in hər görüşdə hesabı maksimum tez açmağa çalışması və fərqi mümkün qədər böyük saxlamaları idi. Onlar hər oyuna eyni ciddiyyətlə yanaşdılar və çempionatın sonuna bir tur qalmış aradakı 1 xallıq fərq “şəhərlilər”ə çox böyük üstünlük verir. 

Düşünürəm ki, “Aston Villa” ilə görüşə də eyni məsuliyyətlə yanaşıb, elə ilk hissədəcə qarşılaşmanın taleyini həll etməyə çalışacaqlar. Premyer Liqada qalmaq vəzifəsinin öhdəsindən çoxdan gələn “Aston Villa”nın rəqibinə ciddi müqavimət göstərəcəyinə inanmıram. Bu oyunda “Siti”nin böyükhesablı qələbə qazanacağını gözləyirəm. Futbolçular çempionluq matçında çox istəkli və nizamlı oyunla rəqib qapısından azı 3 qol keçirəcəklər. Komandanın heyətində ciddi itkinin olmaması da fikrimi gücləndirir.

“Mançester Siti”dən 1 xal geri qalan “Liverpul” isə bu mövsüm qələbə qazandığı bir çox oyunda belə, çətinlik çəkdi, rəqiblərin daha güclü müqaviməti ilə üzləşdi. Son turda “Vulverhempton”la qarşılaşacaq “qırmızılar”ın rəqibdən ciddi müqavimət görəcəyini düşünürəm. Əks-hücumları, açıq oyunu sevən “Vulverhempton” rəqibin çempionluq ümidinin üstündən xətt çəkə biləcək potensialdadır. Bu səbəbdən oyunun gərgin keçəcəyini, “Liverpul”un maksimum dərəcədə ehtiyatlı çıxış edəcəyini fikirləşirəm. “Liverpul” qələbə qazansa da, fərqin elə də böyük olacağına inanmıram. Zədə səbəbindən meydana çıxa bilməyəcək Məhəmməd Salah və Vircil van Deyki də böyük itki saya bilərik. Düzdür, “Liverpul”un heyətində onları layiqincə əvəz edə biləcək oyunçular var. Amma məncə, “Mançester Siti”nin çempion olacağını yəqin edən futbolçular güclərini 6 gün sonra - mayın 28-də baş tutacaq Çempionlar Liqasının finalına saxlayacaqlar. Yurgen Kloppun da oyunçularına maksimum ehtiyatlı olmağı və görüşü zədələnmədən başa vurmağı tapşırdığını düşünürəm.

Hər iki matçın eyni saatda başlamasının da təsiri olacaq. Oyunçular yəqin ki, fasilədə digər qarşılaşmanın hesabından xəbər tutacaqlar və bu, hər iki görüşün ikinci hissəsinə təsir edəcək.
 

0