Türkiyə I liqasında “Əskişəhərspor”la “Göztəpə” klubu arasında keçirilən pley-off matçında maraqlı hadisələr baş verib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, azarkeşlər 3 dəfə qarşılaşmanın dayandırılmasına səbəb olublar.
Əvvəlcə start fitindən dərhal sonra fanatların yandırdıqları məşəllər meydançanı görünməz hala salıb. Bu üzdən 9 dəqiqə gec başlayan görüşün gedişində baş hakim Ali Palabıyık eyni səbəbdən daha 2 dəfə oyunu dayandırmalı olub.
Diqqətçəkən məqam ciddi təhlükəsizlik tədbirlərinin alınmasına baxmayaraq, petarda və fişənglərin stadiona salınması olub. Belə ki, polislər qarşılaşmadan əvvəl bir çox azarkeşin əlindəki sendviç çörəyinin arasından petarda və fişənglər tapıblar. Buna baxmayaraq, fanatlar yenə də istəklərinə çatıblar.
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan matçda oyunsonrası penaltilərlə qalib gələn “Göztəpə” Superliqaya vəsiqə əldə edib.