[b]4 dəfə ÇL, 6 dəfə AL: “Qarabağ”ın rəqibini yaxından tanıyaq [/b]
04.08.2017 - 14:47
[b]4 dəfə ÇL, 6 dəfə AL: “Qarabağ”ın rəqibini yaxından tanıyaq [/b]

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində “Kopengahen”lə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, Danimarka klubunun əsası 1992-ci il, iyulun 1-də qoyulub.

 

25 yaşlı paytaxt klubu bu vaxta qədər 12 dəfə ölkə çempionu adına yiyələnib. 6 dəfə Danimarka çempionatının ikincisi olan “Kopenhagen” 8 dəfə ölkə kubokunun, 1 dəfə Danimarka Liqa Kubokunun, 3 dəfə isə Superkubokunun qalibi adını qazanıb.

 

“Şirlər” ləqəbini daşıyan komanda ev oyunlarını 38065 nəfərlik tutumu olan “Telia Parken” stadionunda keçirir. “Qarabağ”ın rəqibinin prezidenti Bo Riqard, baş məşqçisi isə Stole Solbakkendi. 49 yaşlı norveçli mütəxəssis 2013-cü ildən “Kopengahen”in “sükanı arxası”ndadı.

 

Komandanın heyətində yerli oyunçularla yanaşı, Norveç, İsveç, Sloveniya, Serbiya, Paraqvay, Slovakiya, Çexiya və Kiprdən olan legionerlər də çıxış edir. “Kopenhagen”in ən tanınmış üzvləri sırasında Uilyam Kvisti saymaq olar. Əvvəllər “Ştutqart”, “Fulhem” və “Viqan” klublarında da çıxış etmiş 32 yaşlı yarımmüdafiəçi 2007-ci ildən Danimarka yığmasının da şərəfini qoruyur.

 

“Kopenhagen” avrokubok təcrübəsinə görə “Qarabağ”ı açıq-aşkar üstələyir. Təsadüfi deyil ki, Danimarka çempionu bu vaxta qədər 4 dəfə Çempionlar Liqasının (2006/07, 2010/11, 2013/14, 2016/2017) qrup mərhələsində çıxış edib. Komanda bunlardan birində 1/8 finala adlasa da, daha da irəli gedə bilməyib.

 

“Qarabağ”ın rəqibi 6 dəfə isə Avropa Liqasının (2007/08, 2008/09, 2009/10, 2011/12, 2012/13, 2014/15) qrup mərhələsində oynayıb. Bundan əlavə, 1 dəfə Çempionlar Liqasının qrupunda 3-cü yeri tutaraq, Avroliqaya yuvarlanıb və həmin turnirdə 1/8 finala qədər irəliləyib.

 

Bu il Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayan “Kopenhagen” əvvəlcə Sloveniyanın “Jilina” (3:1, 1:2), ardınca isə Makedoniyanın “Vardar” (0:1, 4:1) klubunu mübarizədən kənarlaşdırıb.

 

“Kopenhagen” Ağdam təmsilçisinə tanış rəqibdi. Belə ki, danimarkalılar 1998/99 mövsümündə Kuboklar Kubokunda “Qarabağ”la qarşılaşıblar və təmsilçimizə hər iki oyunda böyük hesabla qalib gəliblər. Ağdamlılar səfərdə keçirilən ilk görüşdə 0:6, Bakıdakı qarşılaşmada isə 0:4 hesablı məğlubiyyətə üzülüblər.

 

Qeyd edək ki, “Qarabağ” və “Kopenhagen” arasındakı ilk qarşılaşma avqustun 15-16-da Bakıda, cavab görüşü isə 1 həftə sonra Kopenhagendə keçiriləcək.  

0