Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 12 il əvvəlki rekordu təkrarlamaqla bu mərhələyə yüksələn yığmamız yeni rekord üçün Hollandiya millisi ilə üz-üzə gəlib.
Gözlənildiyi kimi gərgin keçən qarşılaşma millimizin məğlubiyyəti ilə yekunlaşıb. İlk setdə üstün olan komandamız 25:20 hesabı ilə qalib gəlib. Sonrakı iki hissə isə rəqibin üstünlüyü ilə başa çatıb. Dördüncü setdə möhtəşəm əzmkarlıq göstərən komandamız hesabı bərabərləşdirməyə nail olsa da, yekunda daha təcrübəli olan hollandiyalılar tay-brekdə qalib gələrək adlarını finala yazdırıblar.
Yarımfinalın digər cütündə isə son Avropa çempionu Rusiyanı mübarizədən kənarlaşdıran Türkiyə yığması yarışın əsas favoriti Serbiya ilə üz-üzə gəlib. Qrup mərhələsində uğursuz çıxışından sonra öz oyununu tapan “ay-ulduzlular”ın qarşılaşmada məğlubiyyətlə barışmalı olublar.
Bürünc medal uğrunda yığmamız Türkiyə ilə üz-üzə gələcək.
Qeyd edək ki, Avropa çempionatının mükafatçılarının adına sabah aydınlıq gələcək.
Avro-2017
Yarımfinal mərhələsi
30 sentyabr
Hollandiya - Azərbaycan - 3:2 (20:25; 25:19, 25:19, 25:27, 15:12)
Hakimlər: Vladimir Oleynik (Rusiya), Onur Hoşnut (Türkiyə)
Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova
Baş məşqçi: Faiq Qarayev
Hollandiya: 1. Kirsten Knip, 2. Femke Stoltenborq, 3. Yon Belien, 4. Seleste Plak, 5. Robin de Kroyf, 6. Maret Balkesteyn-Qrotues, 9. Mirte Şut, 10. Lonneke Sloetyes, 11. Enn Buys, 14. Laura Dijkema, 18. Marrit Yesper, 19. Nika Daalderop, 20. Tessa Polder, 22. Nikole Kulhaas
Baş məşqçi: Ceymi Morrison
Serbiya – Türkiyə - 3:0 (25:17, 25:12, 25:21)
Hakimlər: Pavel Burkevits (Polşa), Mario Bernaola (İspaniya)