Qış hazırlıqlarına yanvarın 5-də start verəcək “Qəbələ” heyətdə komplektləşdirmə işlərinə davam edir. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” hələlik rəsmən Təmkin Xəlilzadəni heyətinə cəlb etsə də, daha bir neçə oyunçu axtarışındadı.
Xüsusilə də, Aqil Məmmədovun gedişindən sonra ehtiyat qapıçı variantı üzərində düşünən əyalət klubu bu istiqamətdə axtarışları artırıb. Əldə etdiyimiz məlumata əsasən, komanda daha çox əsas çərçivə qoruyucusu Dmitri Bezotosnı ilə rəqabət apara biləcək gənc qapıçılar üzərində düşünür. Hələlik konkret adlar məlum olmasa da, yeni oyunçunun da əcnəbi olacağı gözlənilir.
Bundan başqa, baş məşqçi Roman Qriqorçuk müqavilə ilə “Qəbələ”yə məxsus olan, mövsümün ilk yarısını icarə əsasında “Zirə”də keçirmiş Yusif Nəbiyevin komandaya qayıtmasını istəyir. O, gənc futbolçunu Antalyadakı təlim-məşq toplanışında sınayacaq.
“Qəbələ”də qış fasiləsində bir neçə ayrılıq da olacaq. Şotlandiyalı yarımmüdafiəçi Endi Hallideyin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib və o, keçmiş komandası “Qlazqo Reyncers”ə geri dönəcək.
Şotlandiyalı Azərbaycanı tərk edəcək son oyunçu olmayacaq. Mərkəz müdafiəçisi Deyv Bulthuis də karyerasını ölkəmizdə davam etdirməkdə maraqlı deyil. O, menecerinə yeni klub tapmasını, “Qəbələ” rəsmilərinə isə ayrılmaq istədiyini bildirib. Klub onun ayrılmasına əngəl olmaq istəməsə də, təbii ki, yekunda hər şey danışıqların nəticəsindən asılı olacaq. Ancaq böyük ehtimalla, Deyv üçün Premyer Liqa karyerasını bitmiş hesab etmək olar.
Qeyd edək ki, “Qəbələ”nin qış hazırlığı iki mərhələdən ibarət olacaq. Komanda əvvəlcə yanvarın 5-dən 17-nə, ardınca isə yanvarın 21-dən fevralın 3-nə qədər Antalyada hazırlaşacaq.