“Xəzər Lənkəran”ın Gəncə macəraları
15.10.2010 - 16:59
“Xəzər Lənkəran”ın Gəncə macəraları
“Xəzər Lənkəran” Unibank Premyer Liqasının IX turunda tanış məkana yollanır. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi debüt mövsümündə (2004/05) Gəncədə 17 gün ərzində 2 tarixi oyuna çıxıb. 2005-ci ilin mayın 17-də çempionatın son turunda “Xəzər Lənkəran”ın taleyi həll olunurdu. Belə ki, “Neftçi”nin həmin turda rəqibi olan “Şəfa” çempionatda çıxışını dayandırdığı üçün “ağ-qaralar”a 3 xal verilmişdi, lənkəranlılar da ona çatmaq üçün səfərdə “Gəncə”ni yenməli idi.

Belə olan halda, əsasnaməyə əsasən çempionluq “qızıl oyun”da müəyyənləşəcəkdi. Çoxları türkiyəli Rasim Karanın baş məşqçisi olduğu “Xəzər Lənkəran”ın Gəncədə qələbə qazanmaqda çətinlik çəkməyəcəyini düşündüyü halda, dramatik görüş oldu. Nizami yurdundan xoş xəbər gözləyən “Neftçi” 87-ci dəqiqəyədək sevincək idi. Çünki hesab açılmamışdı və cənubluların qələbə qazanmayacağı onları çempion edəcəkdi. Ancaq həmin anda meydan sahiblərinin qapısına sonradan böyük müzakirələrə səbəb olan penalti zərbəsi təyin edildi.

Bu, “Gəncə” ötən mövsüm I divizionda oynadığı zaman da onun şərəfini qorumuş müdafiəçi İlham Yadullayevin Vyaçeslav Lıçkinə qarşı kobudluğuna görə idi. Özü də penaltini həmin vaxt 25 yaşı olan milli dərəcəli baş hakim Anar Salmanov təyin edir. Həmin Salmanov ki, bu ildən FİFA referisidir və “Xəzər Lənkəran” cari mövsümdə “Muğan”la 0:0 bərabərliyə qaldığı səfər matçından sonra onu tənqid atəşinə tutdu. Səhvləri olan Salmanov Salyandakı görüşdən sonra cəzalanaraq, artıq 3 oyundur Premyer Liqaya təyinat almır.

Gənc hakimin Gəncədə qol vuran futbolçu ilə bağlı xətası sonradan üzə çıxdı. Belə ki, şahidlərin də təsdiqlədiyi kimi, penalti zərbəsindən qolu türkiyəli hücumçu Oktay Dərəlioğlu yox, bolqar müdafiəçi Martin Stankov vurub. Ancaq protokolda və beynəlxalq mənbələrdə də indiyə kimi Oktay qolun müəllifi kimi göstərilir. Ancaq AFFA Salmanova buna görə yox, ümumiyyətlə, Gəncədəki idarəçiliyinə görə cəzalandırdı. Özü də oyundan 3 ay keçəndən sonra.

Yeni mövsümün ilk turundan sonra birdən-birə 4 referi ömürlük hakimlikdən kənarlaşdırıldı ki, onlardan biri də Salmanov idi. O, AFFA-da rəhbər dəyişikliyindən sonra bağışlanaraq, hakimliyə qaytarıldı.

“Xəzər Lənkəran” Salmanova baha başa gələn çətin qələbədən sonra 78 xalla 1-ci pilləyə yüksəlsə də, “Neftçi” ilə şərikli lider idi. “Qızıl oyun”a vəsiqəni Gəncədə qazanan komanda ən azı gümüş medalı özü üçün təmin etmişdi. Ancaq çempionluğa iddialı lənkəranlılar az keçməmiş ona düşərli məkana ikinci dəfə yollanmalı oldu. Bu da iyunun 10-a təyin olunan “Qızıl oyun”un Gəncədə keçirilməsi idi.

Ancaq budəfəki səfər düşərli olmadı. Düzdür, “Xəzər Lənkəran” “Neftçi” ilə çempionluq uğrunda görüşün fasiləsinə, hazırda da sıralarında olan Alim Qurbanovun vurduğu qolla 1:0 irəlidə yollandı. Ancaq ikinci hissənin ortasında 5 dəqiqəyə iki qol buraxaraq uduzan Karanın yetirmələri çempionluğu əldən verdilər.

Cənublular növbəti mövsümdə də ikinci dövrədə Gəncədə minimal fərqli qələbəyə sevindi. Halbuki, həmin vaxt milliyə yollanan baş məşqçi Şahin Diniyevsiz qalan, ciddi maliyyə problemləri olan “Gəncə” çox çətin günlərini yaşayırdı. Ancaq “Xəzər Lənkəran” yenə asan qələbə qazana bilmədi. Qonaqlar hazırda “Gəncə”nin məşqçisi olan Xaliq Mərdanovun 60-cı dəqiqədə vurduğu qolla hesabda geri düşdü. “Xəzər Lənkəran”ın dadına həmin ilin qışında gələn ukraynalı baş məşqçi Viktor Pasulkonun transfer etdiyi rumıniyalı futbolçuları çatdı. Yarımmüdafiəçi Katalin Lita 78-ci dəqiqədə hesabı bərabərləşdirdi, müdafiəçi Daniel Muntyanu qələbə topunu 90+3-cü dəqiqədə vurdu – 2:1.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın tarixində yerli baş məşqçilər – Nazim Süleymanov, Ağasəlim Mircavadov və İqor Ponomaryov olsalar da, onlara bu postda gəncəlilərlə görüşmək nəsib olmadı. Çünki “Gəncə” 2006-10-cu illərdə güclülər dəstəsindən kənarda qaldı. Lənkəranlıları Gəncədə 3-cü oyuna da əcnəbi çalışdırıcı, bu dəfə rumıniyalı Mirça Rednik çıxaracaq.

Mehman SÜLEYMANOV
0