Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin sabiq üzvü, bolqarıstanlı İvan Stoitsovun apasport.az saytına müsahibəsi
- Milli komandamızın baş məşqçisi Zlatan Vanev sizi heyətdə görmək istəmədiyindən Bolqarıstana qayıtdınız. Hazırda nə işlə məşğulsunuz?
- Məşqlərimi davam etdirirəm. İlin sonunda Qazaxıstanda keçiriləcək dünya çempionatına hazırlaşıram.
- Dünya çempionatında hansı komandanın şərəfini qoruyacaqsınız? Yenidən Azərbaycan millisinə qayıtmaq ehtimalınız varmı?
- Mən yığmaya qayıtmağı çox istəyirəm. Amma bu məsələnin necə olacağını bilmirəm. Qeyri-müəyyənliyə baxmayaraq, mundiala hazırlaşmağa ara vermirəm. Lakin bir şey dəqiqdir ki, çıxış etsəm yalnız Azərbaycan millisinin şərəfini qoruyacağam.
- “Qeyri-müəyyənlik” dedikdə nəyi nəzərdə tutursunuz?
- Buna Zlatan Vanev qərar verməlidir. Yığmaya dönüşüm baş məşqçidən asılıdır.
- Deməli, siz Bolqarıstanın deyil, məhz Azərbaycan bayrağı altında çıxış etmək istəyirsiniz...
- Əlbəttə, çox istəyirəm. Elə bu səbəbdən məşqlərimə ara verməmişəm.
- Yığmanı məhz Vanevlə münaqişə üzündən tərk etdiniz. İndi də geri qayıtmaq istəyirsiniz. Aranızdakı problemi yoluna qoymusunuz?
- Mən Vanevə demişəm ki, dünya çempionatında Azərbaycanın şərəfini qorumaq istəyirəm.
- Vanevin cavabı necə oldu?
- Nədənsə, məni komandada görmək istəmir. Dedi ki, hazırlığıma rəhbərlik edə bilər. Amma yığmaya düşüb-düşməyəcəyim haqda nəsə söyləmədi. Mən də necə olacağını bilmirəm. Məşqlərimi davam etdirim, yoxsa dayanım...
- Vanev yaşınızın çox olmasını və zədənizi əsas gətirirdi...
- Mən dizimi əməliyyat etdirmişəm. Bundan sonra bərpa prosesi də keçdim. Artıq 100 faiz hazır olduğumu da söyləyə bilərəm.
- Azərbaycan yığması dopinq qalmaqalı ilə üzləşib, 9 idmançımız diskvalifikasiya olunub. Buna münasibətiniz necədir?
- Bu barədə məlumatlıyam. Amma həmin vaxt düşərgədə olmadığımdan nəsə deyə bilmərəm.
- 9 idmançımızın yarışlardan kənar qalması sizin yolunuzu açmayacaq ki?
- Bu məsələnin nə ilə nəticələnəcəyini deməkdə çətinlik çəkirəm.
- Çoxları bu məsələdə Vanevi günahlandırır. Hətta onun millidən qovulacağı da istisna edilmir...
- Buna federasiya rəhbərliyi qərar verəcək. Necə məsləhət bilsələr, elə də edəcəklər.
- Sevgiliniz Boyanka Kostova da müəyyən müddətdən sonra Azərbaycana qayıtdı. Onunla yığmamızda baş verən qalmaqal barədə söhbət etdizmi?
- Boyanka bu barədə məlumatlı deyil.