Azərbaycanlı boksçu Fariz Məmmədov 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizəyə qoşulub. Apasport.az saytının məlumatına görə, 69 kq çəki dərəcəsində çıxış edən idmançımız “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən AİBA Proboxing turnirinin 1/4 finalında rusiyalı boksçu Andrey Zamkovoyla görüşüb.
Məmmədov 6 raundluq döyüş boyu 2012-ci ildə London Olimpiadasının bürünc mükafatçısı olan 187 sm boya malik rəqiblə bərabər mübarizə aparsa da, sonda məğlub olub. Hər 3 hakim üstünlüyü rusiyalıya verib – 59:55, 58:56, 58:56.
Raundlar üzrə mübarizədə isə Məmmədov 2, rəqibi 4 hissədə üstün olub.
Qeyd edək ki, Zamkovoy 2009-cü ildə dünya çempionatının gümüş, 2010 və 2011-ci illərdə Rusiya çempionatının qızıl medalını qazanıb.