Vidadi Əhmədov: “Belə davam eləsə, futbolumuz tamam məhv olacaq” - OFSAYD
19.05.2022 - 15:39
Vidadi Əhmədov: “Belə davam eləsə, futbolumuz tamam məhv olacaq” - OFSAYD

O, çempion kimi komandasını avrokuboklara aparan ilk klub prezidentidir.

1993/94 mövsümündə “Turan” Azərbaycan çempionatının qızıl medallarını qazananda Tovuz klubunun rəhbər postunu tutub.

Təmsilçilərimizin Avropa arenasında “siftəsi”ni də məhz Tovuz klubu növbəti mövsüm UEFA Kubokunda (indiki Avropa Liqası) “Fənərbaxça” ilə qarşılaşaraq edib. “Turan”ın bu uğurlarında əsas pay sahibi şübhəsiz ki, onun qurucusu və həmin vaxtkı prezidenti Vidadi Əhmədovdur.

Artıq uzun müddətdir futbol sahəsindən uzaq düşən Əhmədov apasport.az saytının "Ofsayd" rubrikasının növbəti qonağıdır. Sabiq funksioner Azərbaycan futbolunun problemlərinin həlli yolları barədə danışıb.

“Futbolumuzun keyfiyyəti azarkeşləri cəlb etmir”
- Uzun zamandır futboldan uzaq düşmüsüz. Nə işlə məşğulsuz?

- Bəli, çoxdandır futbol sahəsindən kənardayam. Sahibkarlıq fəaliyyətindəyəm.

- Azərbaycan futbolunu, çempionatını izləyirsiz?
- Arada izləyirəm. Çempionatda vəziyyət elədir ki, “Qarabağ” çempionluğu çoxdan təmin edib. Təəssüf ki, futbola azarkeşlərin marağı yoxdur. Bu da komandaların əksəriyyətinin Bakıda məskunlaşmasından qaynaqlanır. Rayonlarda futbola maraq daha çox olur. “Turan”a rəhbərlik etdiyim vaxt Gəncədə, Tovuzda, Lənkəranda, Şəmkirdə böyük azarkeş kütləsi olurdu. Bakıda həmişə futbola maraq az olub. Futbolumuzun keyfiyyəti azarkeşləri cəlb etmir.

- Futbolun inkişafının qarşısını alan məqamlardan biri kimi çempionatda komanda sayının az olmasını göstərmək olar?
- Əlbəttə, məqamlardan biri də budur. 8 yox ən azı 10-12 komanda olmalıdır. Həmçinin sonuncu yeri tutan komanda bilməlidir ki, elitanı tərk edəcək. Axırıncı olan klub çempionatı tərk etmədikdə mübarizə o qədər də maraqlı olmur. Hamısı arxayın olur.

“AFFA-nın fəaliyyətindən narazı idik, FIFA-ya UEFA-ya müraciət edirdik”
- Ardıcıl neçə il Premyer Liqada komanda sayının artacağı, Gəncə və Tovuz klubunun elitaya cəlb olunacağı deyilsə də, mövsüm yenə 8 klubla başlayırdı. Buna mane olan nə idi?
- Mane olan ilk növbədə maliyyə təminatının olmaması idi. Amma son vaxtlar görürəm ki, əksər klubların maliyyə təminatını AFFA özü edir. Düşünürəm ki, vəziyyətdən çıxış yolu tapmaq olar. Artıq növbəti mövsümdən çempionatımızda 10 komanda mübarizə aparacaq.

- AFFA Premyer Liqanın 5 klubunu maliyyələşdirir. “Turan Tovuz” və “Kəpəz”in də elitaya gəlməsi ilə bu say 7-yə yüksələcək. Çempionatda komanda sayını bu cür artırmaq futbolumuza nə verəcək?
- Bu çıxış yolu deyil. Belə çox davam edə bilməz. Əslində bu, düzgün deyil. Nəsə başqa şey fikirləşmək lazımdır. Sponsorlar, klublara sahib çıxacaq şəxslər axtarıb tapmaq lazımdır. İndiki kimi klubların sahibi AFFA olmasın.

- Kim zəmanət verə bilər ki, AFFA-nın maliyyələşdirdiyi klublar arasında danışıq olmayacaq?
- Mən “Turan”a rəhbərlik etdiyim vaxt yerli assosiasiyanın hansısa kluba rəhbərlik etməsi qadağan idi. FIFA və UEFA buna icazə vermirdi. Assosiasiya kluba sahib ola bilməz, sadəcə komandalar onun rəhbərliyi altında yarışlarda iştirak edə bilər. FIFA və UEFA-nın bugünkü qanunlarından xəbərdar deyiləm. Bunun qaydalara uyğun olub-olmadığını bilmirəm. O vaxt “Şəfa” klubu var idi. Çox söz-söhbət olurdu ki, AFFA niyə “Şəfa”nı saxlayır? AFFA-nın fəaliyyətindən buna görə narazılığımız var idi, FIFA-ya UEFA-ya müraciət edirdik.


“SOCAR da pul ayırmasaydı, futbolumuz tamam məhv olardı”
- Maliyyədən söz düşmüşkən, bildiyiniz kimi, AFFA-nın prezidenti Rövnəq Abdullayev SOCAR-dan ayrılıb. Bunun Azərbaycan futboluna nə kimi təsiri ola bilər?
- SOCAR uzun zamandır bu sahəyə pul ayırır. Yəqin görüblər ki, futbola baxan yoxdur. SOCAR da pul ayırmasaydı, futbolumuz tamamilə məhv olardı. Yenə sağ olsunlar, futbolumuzu yaşadırdılar. Amma belə çox çəkməz. SOCAR da bir neçə il maliyyə ayıracaq. Başqa variantlar fikirləşmək lazımdır.

- SOCAR-ın yeni rəhbərliyi maliyyə ayırmasa futbolumuzun durumu necə olar?
- Başqa çıxış yolu axtarmasalar, belə davam eləsə, futbolumuz get-gedə tamamilə məhv olacaq. Ona görə də indidən bu yöndə bir iş görmək lazımdır.

- “Qarabağ” istisna olmaqla, uzun illərdir nə Azərbaycan millisi, nə Premyer Liqa, nə də, ümumiyyətlə, futbolumuz gözlənilən səviyyədədir. Get-gedə də geriləmə müşahidə olunur. Sizcə, bu nədən qaynaqlanır?
- AFFA rəhbərliyi neçə ildir yerindədir. Nəticə yoxdursa, bu dəyişiklik haqda düşünməyə dəyər. Amma təkcə prezident dəyişikliyi ilə nəsə əldə etmək olmaz. Bütün məsələlərin müzakirə edilməsi mümkün olan forum keçirilməlidir. Həmin forumda aidiyyəti şəxslərə söz verilməli, müzakirələr aparılmalı və qərarlar qəbul olunmalıdır. Yoxsa sırf rəhbəri dəyişməklə vəziyyət düzəlmir.

“Yığmamız 2005-ci ilə qədər daha yaxşı çıxış edirdi”
- AFFA-nın hazırkı rəhbərliyi 2008-ci ildən Azərbaycan futbolunu idarə edir. Bu müddətdə futbolumuz nə ilə yadda qalıb?
- Əslində klub səviyyəsində futbolumuzda inkişaf olub. Əvvəllər avrokuboklarda 1-2 mərhələdən artıq keçə bilmirdik. Ancaq “Qarabağ” artıq illərdir Avropa arenasında ölkəmizi uğurla təmsil edir, qrup mərhələlərinə qədər irəliləyir. Amma düzgün yanaşma ilə futbolumuz daha da inkişaf edə bilərdi. Əslində klub futbolundakı uğuru ölkə futbolunun inkişafı kimi qiymətləndirmək düzgün deyil. Çünki kluba əcnəbi futbolçular da cəlb edib uğur qazanmaq olar. Digər tərəfdən güclü klublar olmalıdır ki, ümumi inkişafa təkan olsun. Axı millidə çıxış edən futbolçuların əksəriyyəti həmin klublarda yetişirlər.

- Azərbaycan millisinin nəticələri necə, ürəkaçandırmı?
- Millinin nəticələri qaneedici deyil. Yığmamız 2005-ci ilə qədər daha yaxşı çıxış edirdi. Bu geriləmənin səbəbini tapmaq üçün bütün mütəxəssisləri bir araya gətirmək, müzakirələr aparmaq lazımdır.

- Milliləşməyə münasibətiniz necədir? Milliləşənlər, həqiqətən də, yerli oyunçulardan üstündürlər?
- Milliləşmiş futbolçular olmayanda yığmanın nəticələri daha yaxşı idi. Millimizin oyunlarına baxmışam. Əslində, bəzi matçlarda görünür ki, ustalıq səviyyəmiz rəqibdən elə də aşağı deyil. Sadəcə, milli ruh olmadığından, lazımi nəticəni əldə edə bilməmişik.

“Uğur qazanmaq üçün Azərbaycan futbolu kökündən dəyişməlidir”
- Bayaq dediniz ki, AFFA-da rəhbər dəyişməklə vəziyyət düzəlmir. Bəlkə ümumi sistem dəyişməlidir?
- Bəlkə elə prezident olacaq ki, ciddi dəyişikliklərə əl atacaq. Uğur qazanmaq üçün Azərbaycan futbolu kökündən dəyişməlidir.

- Sizin dönəminizdə pul da yox idi, uğur da. İndi pul var, amma yenə uğur yoxdur. Elədirsə, pul nə üçündür?
- Məncə, futbolumuzun maliyyə təminatı o vaxtla müqayisədə güclüdür. Ancaq həmin dövrlərdə futbolçularımızda milli qürur, canfəşanlıq var idi. Əgər milliləşdirmələr sənə uğur gətirmirsə, deməli, bu, səhv yoldur. Azərbaycanlılara üstünlük vermək lazımdır.

“Səhərdən axşama kimi meydançadan çıxmırdı”
- O dövrün futbolçuları ilə indikiləri texniki bacarıq baxımından müqayisə etsəniz, hansına üstünlük verərsiniz?
- İndi də usta futbolçular var. Ola bilsin ki, məşqçilər də müəyyən səhvlər edirlər. Hər bir oyunçudan istifadə etmək qaydası, taktikanı buna uyğun qurmaq nəticəyə təsir edən amillərdir. Məsələn, o vaxt Qurban Qurbanovun yanaşması çox futbolçuda yox idi. Qurbanov həyatını ancaq futbolda görürdü. Bütün gününü futbolla, məşqlə keçirirdi. Hamı gündə 1-2 dəfə məşq keçirdisə, Qurban səhərdən axşama kimi meydançadan çıxmırdı. Bu gün belə oyunçu varmı, bilmirəm. Futbolçularla aparılan işlər, tərbiyəvi söhbətlər onları yüksək səviyyəyə çatdırmağa kömək edir. O vaxt yaxşı mütəxəssislərimiz var idi. Oyunçularla ayrı-ayrılıqda iş qururdular. Ola bilsin ki, indi də var. Oyunçunu psixoloji cəhətdən hazırlamaq da vacib şərtlərdəndir. İndi bu işlərin necə aparıldığını bilmirəm.

- AFFA-nın qərarına əsasən, növbəti mövsüm Premyer Liqada 10 komanda çıxış edəcək və “Kəpəz”lə “Turan Tovuz” elitaya cəlb olunacaq...
- Bu komandaların elitaya buraxılması müsbət təsirini göstərəcək. Gəncədən də, Tovuzdan da həmişə güclü futbolçular yetişib. Bunlar futbolla yaşayan bölgələrdir. Çempionat oyunlarında stadionun ən azı 70-80 faizi dolu olur. 

- “Turan Tovuz”a rəhbərlik etməyiniz üçün sizə müraciət olunarsa, cavabınız necə olar?
- Uzun müddətdir futboldan kənarda qalmışam. Bu barədə nəsə deyə bilmərəm. Birincisi, inanmıram ki, mənə belə bir müraciət olsun. İkincisi, Tovuzda yox, Bakıda yaşayıram. Alınan işə oxşamır. Yaşım da o yaş deyil. Hansısa formada kömək etməyə çalışaram. Amma prezidentlik ağır yükdür.

Ruslan Sadıqov
 

0