"Baku Open-2025” Beynəlxalq Şahmat Festivalına yekun vurulub
07.05.2025 - 13:21
"Baku Open-2025” Beynəlxalq Şahmat Festivalına yekun vurulub

"Baku Open-2025” Beynəlxalq Şahmat Festivalının bağlanış mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, FIDE-nin VI prezidenti Kirsan İlyumjinov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

8 yaşadək qızların yarışında Nazlı Rüstəmli, oğlanlarda isə Daniel Konovalov birinci yeri turub. Bu yaş kateqoriyasında qalib və medalçılara mükafatı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təqdim edib.

10 yaşlılar arasında turnirdə Yang Youpinq (Çin) və Yusif Əhədzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 12 yaşadək iştirakçılar arasında Əsnad Baxşızadə və Əkbər Mirzəyev birincilik qazanıb. 

B qrupunda qadınlarda Dinara Hüseynova, oğlanlarda isə Nikolaz Çikalidze (Gürcüstan) hamıdan çox xal toplayaraq qalib olub. U16 nominasiyasında Roman Şoqdziyev (FIDE) mükafata layiq görülüb. “Baku Open” yarışının A qrupunda Ayan Allahverdiyeva və Aleksandr İndciç (Serbiya) yarışın qalibi adını qazanıb. Turnirin qalibinə xüsusi hazırlanmış kuboku Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təqdim edib. 

“Baku Open 2025” çərçivəsində veteran şahmatçılar arasında Azərbaycan çempionatı da keçirilib. Vüqar Bayramov ölkə çempionu olub. Asəf Abdullayevlə Mehman Abbasov müvafiq olaraq 2-3-cü yerləri bölüşdürüb. 90 yaşlı Şərail Avazova ən yaşlı iştirakçı kimi xüsusi mükafat təqdim olunub. 
Xatırladaq ki, festivalın mükafat fondu 55 min ABŞ dolları təşkil edib. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı mübarizə aparıb. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçirilib.