İngiltərə millisindən REKORDLAR
30.11.2022 - 09:29
İngiltərə millisindən REKORDLAR

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsini lider kimi başa vuran İngiltərə millisi bir neçə rekordla yadda qalıb.

Apasport.az saytının məlumatına görə, Qaret Sautqeytin kollektivi qrupdakı qol sayında öz rekordunu yeniləyib.

İngilislər ilk dəfə mundialın qrupunda rəqib qapılarından 9 top keçirib. İranı 6:2, Uelsi isə 3:0 hesabı ilə üstələyən “Dumanlı Albion” təmsilçisi ABŞ-la da qolsuz bərabərə qalıb.

Son turda Uelsi 3 cavabsız topla üstələyən İngiltərə yığması mundiallar tarixində 100 qol həddinə çatan 7-ci komanda olub. Onlara qədər Braziliya (232), Almaniya (228), Argentina (140), İtaliya (128), Fransa (126) və İspaniya (107) bu göstəriciyə nail olub.

Uelslə qarşılaşmada dubla imza atan hücumçu Markus Reşford böyük turnirdə İngiltərə millisinin heyətində 3 qol vuran ikinci “Mançester Yunayted”li olub. İlk dəfə DÇ-1966-da Bobbi Çarlton bunu bacarıb.

Dünənki matçda ikinci qolun məhsuldar ötürməsini verən digər hücumçu Harri Keyn isə turnirdə assist sayını 3-ə çatdırıb. Bununla 29 yaşlı forvard sabiq futbolçu Devid Bekhemə məxsus rekordu təkrarlayıb. Bekhem 2002-ci ildəki dünya çempionatını 3 məhsuldar ötürmə ilə tamamlayıb.

Qeyd edək ki, İngiltərə yığması DÇ-2022-nin 1/8 final mərhələsində Seneqalla qarşılaşacaq. Bu görüş dekabrın 4-də “El-Bayt” stadionunda keçiriləcək.
 

0
DİGƏR XƏBƏRLƏR
Loading...