10 yaşında dişləri tökülən, kasıblıq içində qıvranan və möcüzə ilə başlayan karyera - ULDUZLAR
16.06.2022 - 11:09
10 yaşında dişləri tökülən, kasıblıq içində qıvranan və möcüzə ilə başlayan karyera - ULDUZLAR

Braziliya futbolu Pele, Qarrinça, Didi, Rivelyino, Tostao kimi ulduzlarıyla üç dəfə dünya çempionluğu qazandığı 1950-ci illərin sonundan 1970-ci illərin əvvəllərinədək davam edən qızıl dövrünün ardından ən uğurlu ikinci dönəmini 1990-cı illərdə və 2000-ci illərin əvvəllərinə yaşadı.

Apasport.az saytının məlumatına görə, Romario, Bebeto, Kafu, Roberto Karlos, Ronaldo və Ronaldinyo kimi böyük istedadlarla ardıcıl 3 mundial finalı görən və bunların ikisində kuboku muzeyinə aparan “sambaçılar”da həmin zəfərlərin ikincisində ən çox parlayan ulduzlardan biri də Rivaldo oldu.

Klub karyerasının ən parlaq illərini “Barselona”da keçirən, “Milan”da olduğu yeganə mövsümündə isə Çempionlar Liqasını qazanan Rivaldo iki ay əvvəl 50 yaşını qeyd etdi.

Ziko kimi olmaq xəyalı...
Vitor Borba Ferreyra Rivaldo 1972-ci il aprelin 19-da Braziliyanın şimalındakı Resife şəhərinin Yardin Paulista məhəlləsində anadan olub. Doğulanda iki qardaşı var idi, sonradan isə iki də bacısı olacaqdı. 5 uşaqlı Ferreyra ailəsinin böyüyü olan ataları Romildo Resife valilik binasında sıradan bir xadimə kimi çalışırdı. Ana Marlusia isə ev işlərini güclə çatdırırdı. Bir sözlə, Rivaldo kasıblıq içində qıvranan ailənin bir üzvü olub. Hətta vəziyyət o qədər acınacaqlı idi ki, qida çatışmazlığı səbəbindən Rivaldonun 10 yaşında dişləri tökülüb.

Yoxsulluq üzündən ailənin oğlan uşaqları çox keçmədən atalarına dəstək üçün qollarını çırmalamalı oldu. Rivaldo da ibtidai sinfi bitirdikdən sonra böyük qardaşları kimi işləməyə başladı. Gündüzlər vaxtının böyük hissəsini sahildə turistlərə hədiyyəlik əşyalar sataraq keçirib. Axşam sahil boşaldıqdan sonra isə gecə yarısına qədər futbol oynayaraq dincəlirdi. Onu ayaqda saxlayan da elə futbol sevdası idi. Braziliyada həmin dövrün ən böyük ulduzu Ziko Rivaldonun uşaqlıq qəhrəmanı idi. Futbol oynadığı zaman hər topa toxunuşunda xəyalında gələcəkdə Ziko kimi futbolçu olmaq var idi. Ancaq gündüzlər çalışmaq məcburiyyətində qalması bu arzusunu gerçəkləşdirməyə mane olan ən böyük əngəl idi. Çünki yaşadığı ərazidə axşamlar uşaqlara məşq keçən bir klub yox idi.

Möcüzə sayəsində başlayan karyera
16 yaşında həyatının həmin ana qədər ən ağır gününü yaşadı. Atası Romildo qəza düşərək öldü. Bununla Ferreyra ailəsinin qol-qanadı qırıldı. Həyatda qalmaq üçün Rivaldo və qardaşları artıq dişini dişinə sıxaraq daha çox çalışmalı idi. Bu şərtlər altında Rivaldonun hansısa klubun aşağı yaş qrupuna yazılması mümkün görünmürdü. Bu, yalnız böyük təsadüf, möcüzə sayəsində reallaşa bilərdi. Həmin möcüzə bir il sonra, Rivaldonun 17 yaşında həyata keçdi. Yaşadığı ərazidə uşaqların qatıldığı bir məhəllə turniri zamanı “Paulistano” klubunun rəsmiləri onun oyunu izləyib, texnikasına heyran qalmışdı. Rivaldonu da böyük həvəslə klubun aşağı yaş qruplarına dəvət etdilər. Özü belə bir macəraya atılmağa çoxdan hazır idi. Beləliklə, gec də olsa futbolçu olmaq yolunda ilk addımlarını atdı. Möhtəşəm sol ayağı olan Rivaldonun ötürmə bacarığı da olduqca yüksək idi. Ən böyük silahı isə zərbələri idi. Çəlimsiz olmasına baxmayaraq, uzaq məsafələrdən çəkinmədən topu mərmi kimi qapıya göndərə bilirdi.

Heç il keçməmiş Pernambuko əyalətinin ən önəmli üç klubundan biri olan “Santa Kruz” onu transfer etdi. Əyalətin son çempionu olan komandada çıxış etmək özünü tanıtmaq baxımından önəmli fürsət idi. 1990-cı il dekabrın 5-də əyalət çempionatında əsas komandanın heyətində meydana çıxmaqla böyük futbolda debüt etdi. Növbəti mövsümdən A komandasında daha çox oynamağa başladı. Eyni anda əvəzedici heyətdə də çıxış edirdi. Maraqlıdır ki, məhz əvəzedicilərin heyətində 1992-ci ilin əvvəllərində San Pauloda təşkil edilən bir turnirdə skautları özünə heyran qoydu. Böyük klubların marağına baxmayaraq, Rivaldo gözlənilmədən “Mogi Mirim”ə keçdi. Gənc oyunçu San Paulo əyalətinin sıradan bir klubunda oynamağın onun üçün daha faydalı olacağını düşündü. Halbuki həmin vaxt “Mogi Mirim” əyalət çempionatının ikinci liqasında yer almışdı və Rivaldo ilə eyni vaxtda Valber adlı daha bir yarımmüdafiəçi transfer etmişdi. Həmin Valber də Rivaldodan daha istedadlı sayılırdı və ikisi də pleymeyker idi. Bu üzdən Rivaldo əksər matçlarda orta sahədə oynamaq məcburiyyətində qaldı.

Millidə debüt oyununda qələbə qolunu vurdu
Rivaldo çörəyini daşdan çıxarmağı adət halına alaraq böyüyən biri idi. Qapıdan uzaq oynamasına baxmayaraq, həmin mövsüm orta hesabla üç oyundan bir qol vurmağı bacardı və komandanın ən məhsuldar futbolçularından biri oldu. Onun da böyük rolu sayəsində “Mogi Mirim” əyalət çempionatının yüksək liqasına vəsiqə qazandı. Növbəti mövsümün əvvəlində isə əyalətin ən önəmli klublarından olan “Korintians” Rivaldonu icarəyə götürdü. Klub hətta Rivaldo ilə yanaşı, “Mogi Mirim”in daha 3 oyunçusunu icarəyə götürdü. Qəribədir ki, onların arasında Valber də var idi. Yenə istədiyi mövqedə oynaya bilmədi, ancaq get-gedə artan performansı Braziliya millisinin baş məşqçisi Karlos Alberto Perreyranın diqqətini çəkdi. Perreyra ilk dəfə Rivaldonu 1993-cü il dekabrın 16-da Qvadalaxarada Meksika ilə keçirilən yoldaşlıq görüşünə dəvət etdi. Matça start heyətində çıxan Rivaldo 18-ci dəqiqədə ilk qolunu vurdu və Braziliya meydanı 1:0 hesablı qələbə ilə tərk etdi.

“Korintians”da keçən bir mövsümün ardından növbəti dayanacaq əzəli rəqib “Palmeyras” oldu. “Korintians” transfer vərəqəsini almaq üçün “Mogi Mirim”i az məbləğə razı salmağa çalışdığı bir vaxtda araya girən “Palmeyras” gənc oyunçunu heyətinə qatdı. Rivaldo burada ölkənin ən önəmli oyunçularından birinə çevrilməyə başladı. “Yaşıl-ağlar”dakı ilk mövsümündə A seriyasını qazandı. Bu illərdə ən böyük məyusluğu Braziliya millisinin dünya çempionluğunu qazandığı DÇ-1994-ə aparılmaması oldu. Hücumda Romario-Bebeto tandeminin olması və ehtiyatda da fenomen Ronaldonun olması məşqçilər korpusunu bu seçimə vadar etdi. 

Baş tutmayan transfer və Ronaldonun gedişi ilə açılan qapı
“Palmeyras”dakı yüksələn qrafiklə oynadığından, Avropaya yollanması qaçılmaz olmuşdu. 1996 Atlanta Yay Olimpiya Oyunlarında iştirak edən Rivaldonun ABŞ-a yollanmazdan əvvəl “Parma”ya keçəcəyi, demək olar ki, dəqiqləşmişdi. Ancaq nədənsə olimpiadadan sonra klubların arası dəydi və keçid reallaşmadı. Bundan yararlanan həmin dövrün diqqətçəkən klubu “Deportivo” “sambaçı”nı İspaniyaya apardı. Hadisələrin gedişi də göstərdi ki, Rivaldo ən doğru seçimini etmişdi. La Koruniya təmsilçisinin heyətində keçirdiyi 41 liqa matçında 21 qol vuran pleymeyker həmin mövsüm Ronaldo, Alfonso Peres və Davor Şukerin ardından ən məhsuldar dördüncü oyunçu oldu. Mövsümün yekununda həmyerlisi Ronaldonun “İnter”ə sürpriz transferi onun da “Barselona”ya yolunu açdı. Bununla da Rivaldonun zəngin klub karyerası start götürdü. 1997/98 mövsümündə kataloniyalılar çətinlik çəkmədən La Liqanı qazandı, Rivaldo isə 34 oyunda 19 qolla komandasının bombardiri oldu. Ümumi bombardirlik yarışında isə yalnız Kristian Vyeridən (24 qol) geri qaldı. İspaniya Kral Kubokunda isə keçirdiyi 7 oyunda 8 qol vuraraq komandasına bu kuboku da qazandırdı. Kuboklar Kubokunun qalibi kimi, Çempionlar Liqasının qazanan Dortmund “Borussiya”sını da UEFA Superkubokunda məğlub etdilər (2:0, 1:1). Rivaldo qələbə qazandıqları həlledici görüşdə də qol vurmağı bacardı.

Çempionluğa yetməyən möhtəşəm performans
Fransada təşkil edilən DÇ-1998 isə dörd il əvvəl mundial həyəcanı yaşaya bilməyən Rivaldonun beynəlxalq arenadakı ulduzunu daha da parlatdı. Bir il əvvəl Konfederasiyalar Kubokuna yollanmasına baxmayaraq, Ronaldo-Romario tandemi səbəbindən çox şans qazanmayan Rivaldo mundial öncəsi zədələnən Romarionun yoxluğunda Ronaldoya ön xətdə tərəfdaşlıq etməli idi. Turnirə son çempion kimi birbaşa qatılan Braziliyanın qrupdakı ikinci oyunu Rivaldo üçün düşərli oldu. Mərakeşlə matçın əvvəlində Ronaldoya gözəl assist verən “10 nömrə” fasilə ərəfəsində özü fərqləndi. Rivaldonun həmin turnirdəki ən gözəl performansı 1/4 finalda Danimarkaya qarşı təsadüf etdi. Avropalılar görüşə qolla başlasa da, tezliklə Bebeto status-kvonu bərpa etdi. 25-ci dəqiqədə səhnəyə çıxan Rivaldonun qolu Braziliyanı önə keçirdi. Fasilədən dərhal sonra bu dəfə Danimarka bərabərlik topunu Brayan Laudrupla vurdu. 59-cu dəqiqədə isə topla reyd etdikdən sonra 25 metrlik məsafədən Şumaxeyi ikinci dəfə məyus edən Rivaldo komandasını yarımfinala daşıdı. O, yarımfinalda da Niderlandla görüşdə bir assistlə yadda qaldı.

Ancaq final matçı braziliyalılar üçün heç də yaxşı xatırlanmır. Ev sahibi Fransa ilə görüşə bir neçə saat qalmış Ronaldonun xəstələnməsi bütün kollektivdə şok yaratdı. Bu azmış kimi, ilk yarıda Zinəddin Zidanın da başla vurduğu iki qol cənubi amerikalıları erkən ağ bayraq qaldırmasına səbəb oldu. 0:3 hesabı ilə məğlub olan Braziliya son çempion kimi qatıldığı mundialı bu dəfə ikinci yerdə tərk etdi...

Ardı var...

0