İkiqat ULDUZLAR
16.10.2022 - 16:08
İkiqat ULDUZLAR

Dünya idmanı ulduzlarla zəngindir.

Apasport.az saytının məlumatına görə, onlardan bəzilərinə ikiqat ulduz da demək olar.

Söhbət iki fərqli idman növündə özündən söz etdirməyə bacaranlardan gedir. Azərbaycanda da iki növlə məşğul olanlara rast gəlinib. Hətta Rəşad Sadıqov həm futbol, həm basketbolda ölkə çempionu adını qazanıb. Amma beynəlxalq arenada iki növdə parlamaq hər ulduza nəsib olmayıb.

Konkini atdı, pedalı fırlatdı

Çexiyalı Martina Sablikova bəxtsizlikdən şikayətlənməlidir. Konkisürmə üzrə üçqat Olimpiya, 21 qat dünya çempionunun Rio Olimpiadasına yolunu reqlament dəyişikliyi bağlayıb. O, yarışa vəsiqəni dünya çempionatında qazanıb. Lakin sonradan baş verən dəyişiklik Martinanın Braziliyada şosse yürüşündə iştirakına mane olub. İdmançı hətta Rioya yollanaraq son anadək ümidini itirməyib.

Olimpiadalara damğa vuran

Edvard Patrik Fransis İqan Olimpiya tarixinə damğasını vuran idmançıdır. O, həm yay, həm qış Olimpiadalarında qələbə qazanan yeganə şəxsdir. 1920-ci ildə Antverpendə bütün rəqiblərini “əzişdirən” boksçu 12 ildən sonra bobsleydə qüvvəsini sınayıb. 34 yaşlı veteran ABŞ-ın “dördlüy”ünün heyətində çempionluq sevinci yaşayıb.

Qoca norveçli

Norveçli xizəkçi Odd-Byorn Helmeset bu idman növünün titullularından biri sayılır. Beşqat dünya çempionu Olimpiadalarda iki, mundiallarda dəfələrlə mükafatçılar sırasına da düşüb. İdmançı karyerasının əvvəlində atletika ilə məşğul olan veteran xiizəklə vidalaşdıqdan sonra yenə sevimli növünə qayıdıb. Gəncliyində maneələri dəf etməklə 3000 metr qaçan norveçli marafona meyl göstərib. Nyu-York, Frankfurt marafonları, Oslo və Höteborq yarımmarafonlarında uğurla iştirak edən veteran təkcə qar deyil, şosedə də qaça bildiyini nümayiş etdirib.

Dağlardan düşən pilot

Fransalı Lük Alfan dağ xizəyinin ulduzu olub. Bir neçə dəfə dünya kubokunun qalibi olan idmançı dağdan enməyi, sükan arxasına keçməyi məqsədəuyğun sayıb. Avtomobil idmanında da uğurlar özünü gözlətməyib. O, Dakar rallisinin də qalibi adını qazanıb. Qəzaya düşən fransalı ağır xəsarət aldıqdan sonra üçüncü idman növünə yelkən idmanına üz tutub.

Karlsenin kumiri

Norveç və şahmat dedikdə göz önünə Maqnus Karlsen gəlir. Bu ölkənin ilk qrossmeysteri isə Simen Aqdesteyn olub. 8 il “Lyun” klubunun formasını geyinən bu hücumçu Norveç millisinin formasında da 8 matça 1 qol vurub. Amma futbol meydanındakı rəqiblərindən çox bilmirdi ki, Simen 15 yaşında Norveç çempionu olub və daha 6 dəfə uğurunu təkrarlayıb. Karlsen üçün ilk kumir olan qrossmeyster indi də dünya çempionunun meneceridir.

Uçdu-uçdu, uçmağı sevdi

Avstriyalı Tomas Morqenştern xizəklə tramplindən tullanmaqda sözünü demiş idmançıdır. 18 yaşında ikiqat dünya çempionu olan Tomas Olimpiadalarda üç qızıl və bir gümüş də əldə edib. 9 qat dünya çempionu karyerasını bitirdikdən sonra da uçmaqdan əl çəkə bilməyib. Cəmi bir il sonra Tomas helikopter idmanı üzrə dünya çempionu adına yiyələnib.

Lolo, hara qaçırsan?

Amerikalı Lolo Cons maneələri dəf etməklə qaçışda ad çıxarıb. İkiqat dünya çempionu Pekin Olimpiadasında sonuncudan əvvəlki maneəyə ilişərək qızılı əldən verib. Dörd il sonra da Olimpiadada mükafatsız qalan Lolo 4-cü olub. Qaçışla vidalaşan Cons ABŞ bobsley yığmasına düşənədək bu idman növü ilə məşğul olub. İdmançı burada da dünya çempionluğunu bayram etməyi bacarıb.

0