“Bizdə idmançı qəzəbi vardı” - MÜSAHİBƏ
16.11.2011 - 16:56
“Bizdə idmançı qəzəbi vardı” - MÜSAHİBƏ
Bakının “Lokomotiv” klubunun voleybolçusu Diana Nenova Bolqarıstan mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, ötən mövsüm “Rabitə” ilə Azərbaycan Super Liqasının qalibi və Çempionlar Liqasının ikincisi olan 26 yaşlı toppaylayıcı az öncə paytaxtımızda keçirilmiş Avropa Olimpiya Təsnifat Turnirinin seçmə mərhələsi barədə danışıb. O, şərəfini qoruduğu Bolqarıstan yığması ilə Sofiyaya qayıtmasa da, turniri yerli mətbuata lazımınca şərh edə bilib.

- Bakıdakı Avropa Olimpiya Təsnifat Turnirinin seçmə mərhələsində komandanızın çıxışını necə dəyərləndirirsiniz?
- Ən əsası odur ki, qalib gəldik. Biz güclü yığma olan Azərbaycanı 2 dəfə məğlub etdik. Millimiz əsl komanda oyunu nümayiş etdirdi. Bu isə çox vacib idi. Yaxşı oynadıq və çətin vəziyyətdən çıxmaq uğrunda mübarizə aparmaq bacardığımızı göstərdik.

- Qazanılan nəticə sizi qane etdimi?
- Əlbəttə. Qələbədən sonra qane olmaya bilməzsən. Bu mənə və digərlərinə də aiddir.

- Yeni baş məşqçi Marçelo Abondançın Sofiyadakı yeganə təlim-məşq toplanışını uğurunuzun əsas səbəbi saymaq olar?
- Bəli. Biz əzmkar komanda qururuq. İtaliyalı mütəxəssis hamımıza dedi ki, komanda şəklində mübarizə aparmalıyıq. Bakıdakı mübarizədə yeganə vəsiqəni qazanmağımızın əsas səbəbi də məhz budur.

- Siz belə nəticəni gözləyirdiniz?
- Heç vaxt meydana uduzmaq fikri ilə çıxmıram. Həmişə qələbə haqqında düşünürəm. Çətin ki, komandamız yeni baş məşqçinin gəlişindən sonra kimsə Bakıda məğlub olacağımız barədə düşünürdü. Ancaq İstanbulda baş tutacaq Təsnifat mərhələsinə yeganə vəsiqəni qazanmaq çox çətin idi. Yerli azarkeşlər Azərbaycan yığmasını durmadan qələbəyə səsləyirdi. Ancaq biz duruş gətirə bildik.

- Həlledici matça kimi qızlarla nə haqda danışdınız?
- Biz ruh yüksəkliyini qaldırmaq yönündə söhbətləşirdik. Komandamızın hər bir üzvündə idmançı qəzəbi vardı. Vəsiqəni qazanmaq gücündə olduğumuzu göstərmək istəyirdik. Çünki turnirə yaxşı hazırlaşmışdıq.

- Bəs ən çətin oyununuz hansı idi?
- Sözsüz ki, Azərbaycanla. Bu, ən güclü rəqibimiz idi. Hər 2 oyun çətin oldu. Çünki hər ikisinin böyük əhəmiyyəti vardı. Ayrılıqda analiz etsək, Azərbaycanla daha ağır idi. Çünki onda motivasiya tam fərqli olur.

- Oyundan-oyuna çıxışınızda böyük yüksəlişlər və enişlər olur. Bunu nə ilə əlaqələndirərdiniz?
- Bu, normaldır. Hamı voleybol oynaya bilir. Ola bilər ki, ilk oyunda Azərbaycana qalib gəldikdən sonra onlarla final matçının asan olacağını düşündük. Nəticədə bir az arxayınçılıq yarandı. Ancaq bu qadın voleyboludur və belə fərqli oyunlar normaldır.

- Öz oyununuzu necə qiymətləndirərdiniz?
- Mən öz çıxışıma qiymət vermirəm. Bu məşqçilər korpusunun işidir. Ancaq qələbədən sonra yalnız mən yox, bütün hamımız xoşbəxtik. Turnirdə tək mən, yaxud kimsə deyil, bütün komanda oynayırdı.

- Hazırda Bakının “Lokomotiv” klubunun şərəfini qoruyursunuz. Orada vəziyyət necədir?
- Mən turnirboyu bu haqda düşünmürdüm. Bütün fikrimi yığmaya yönəltmişdim. Bu, üstünlüyümdür. Harada çıxış etməyimdən asılı olmayaraq, meydana çıxıb yaxşı oynamaq lazımdır.

- Bəs azərbaycanlı voleybolçular Bakıda Bolqarıstan yığmasına 2 məğlubiyyətə necə reaksiya verdilər?
- Mən də hamı kimi hələ bu barədə məlumatsızam. Qələbədən sonra hələ heç kimlə danışmamışam. Ancaq belə ehtimal edirəm ki, onlar nəticəyə ciddi yanaşıblar. Azərbaycanlı voleybolçular meydan sahibi olduqlarından qələbə qazanacaqlarını düşünürdülər. Ancaq sonda ikinci oldular. Yəqin, buna görə təəssüflənirlər.
0