3 müqavilə və “3 muşketyor”dan imtina - FOTO
17.11.2011 - 11:52
3 müqavilə və “3 muşketyor”dan imtina - FOTO
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının bu mövsüm debüt edəcək “Lokomotiv-2” ilk transferlərini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, ukraynalı – İqor və Dmitri Filştinskinin çalışdıracağı Bakı komandası 3 voleybolçu ilə rəsmi müqavilə bağlayıb.

Bunlar Anna Popova (Rusiya), Viktoriya Dedkova (Ukrayna) və Natalya Lukoşkinadır (Moldova). Onlar hər 3-ü növbəti mövsümdə “Lokomotiv-2”nin şərəfini qoruyacaqlar.

Yeri gəlmişkən, bu voleybolçulardan ilk ikisi öncə “dəmiryolçular”ın əsas klubuna baxışa gəlsə də, bəyənilməmişdi. Lakin sonradan onların ikinci komandada oynaması ilə bağlı razılıq əldə olunub. Lukoşkina isə adını Azərbaycan çempionatı tarixinə yazdırıb. O, ölkəmizdə forma geyinən ilk moldovalı olacaq.

Qeyd edək ki, “Lokomotiv-2”in məşqçilər korpusu baxışda olan 3 trinidad və tobaqolu – Sourtnee-Mae Klifford, Feeza Qrant və Şurvette Bekleslə müqavilə bağlamaqdan imtina edib. Vətənlərində “3 muşketyor” kimi tanınan və həmişə bir komandada çıxış edən voleybolçular artıq axşam Bakını tərk ediblər.