Rumıniya klubu Azərbaycan çempionuna rəqib oldu
06.12.2011 - 00:01
Rumıniya klubu Azərbaycan çempionuna rəqib oldu
Dekabrın 27-29-da İsveçrənin Bazel şəhərində qadın voleybolçular arasında beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan çempionu “Rabitə”nin sonuncu rəqibinin adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “Top Volley İnternational”ın 6-cı komandası ötən il Çempionlar Liqasının qrup mərhələsində Bakı klubuna hər 2 görüşdə uduzan Rumıniyanın “Dinamo-Romprest”i olub.

Bununla da, 1989-cu ildən dünyanın bir neçə qitəsindən kifayət qədər güclü klubların iştirak etdiyi və “kiçik dünya çempionatı” adlandırılan yarışda “Volero” (İsveçrə), “Unilever” (Braziliya), “Kann” (Fransa), “Severstal” (Rusiya), “Rabitə” (Azərbaycan) və “Dinamo-Romprest”in (Rumıniya) mübarizə aparacağı dəqiqləşib.

Yeri gəlmişkən, buxarestlilər bu mövsüm CEV kubokunun 1/16 final mərhələsində Bakının “İqtisadçı” klubunun rəqibləridir. Onlar noyabrın 29-da paytaxtımızda keçirilən ilk matçda Super Liqanın bürünc mükafatçısına 0:3 hesabı ilə uduzublar. Cavab oyunu isə dekabrın 7-də olacaq.

Qeyd edək ki, “Top Volley İnternational”ın ən çox qalibi olan Fransanın “Kann” klubudur. Onlar 5 dəfə yarışın qalibi adını qazanıblar.