“Lotereya”ya ümid etmə, “İqtisadçı”!
06.12.2011 - 14:59
“Lotereya”ya ümid etmə, “İqtisadçı”!
Bu gün qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın yeganə təmsilçisi “İqtisadçı” ikinci matçına dekabrın 7-də çıxacaq.

Emanuele Sbanonun yetirmələri Bakıda 3:0 hesabı ilə məğlub etdikləri Rumıniya “Dinamo-Rompresti”nin qonağı olacaqlar. Voleybolçularımızın ilk görüşdə olduğu kimi, uğurunu təkrarlayacağı şübhə doğurmur. Lakin kifayət qədər azarkeş kütləsinə malik olan buxarestlilərin sensasiyaya imza atması da istisna olunmur. Çünki hər oyunda fərqli çıxış edən “İqtisadçı” arxayınçılığın da qurbanı ola bilər. Onların Azərbaycan Super Liqasında “Bakı”ya məğlubiyyəti də hələ tam formada olmadıqlarını üzə çıxardı.

Amma bütün bunlara baxmayaraq, “tələbələr” kifayət qədər üstünlüyə malikdirlər. Onlar uduzsalar belə, “qızıl set”ə ümid edəcəklər. Yəqin ki, ən pis halda “İqtisadçı” bu “lotereya”da qalib olmağa çalışacaq.

1/16 final mərhələsi, cavab matçı

7 dekabr
21:00. “Dinamo-Romprest” (Rumıniya) – “İqtisadçı” (Azərbaycan)
Hakimlər: Kiril Stoyanova (Bolqarıstan), Sek Jacek (Polşa)
Buxarest, Lusian Qriqoresku İdman Salonu.

İlk oyun
“İqtisadçı” – “Dinamo-Romprest” - 3:0 (25:16, 25:21, 25:10)


Qeyd edək ki, “İqtisadçı” ötən mövsüm “Çelenc Cup”da, “Dinamo-Romprest” isə Çempionlar Liqasında mübarizə aparıb.