“Bakı 20 il əvvəllə müqayisədə çox dəyişib”
26.03.2012 - 13:02
“Bakı 20 il əvvəllə müqayisədə çox dəyişib”
“Bakıda yenidən olduğum üçün çox şad oldum. Mən gəncliyimin 3 ilini bu şəhərdə keçirmişəm”. Apasport.az saytının məlumatına görə, bunu Fransanın “Kann” klubunun voleybolçusu Viktoriya Ravva deyib.

1989-1993-cü illərdə Bakının BZBK klubunda çıxış edən təcrübəli voleybolçu “Fənərbaxça”nın qələbəsi ilə başa çatan Çempionlar Liqasının “Dördlər finalı”ndan sonra Azərbaycanla bağlı keçmiş günlərini xatırlayıb. O bildirib ki, 20 il öncə ilə müqayisədə Bakı çox dəyişib: “Uzun illər idi ki, Azərbaycanda olmurdum. Bakı çox dəyişib, gözəlləşib. Bura böyük bir tikinti meydançasını xatırladır. Fikrimcə, 5 ildən sonra Bakını heç tanımaq olmayacaq. Azərbaycan paytaxtı inkişaf edir, ildən-ilə gözəlləşir. Mən 20 ilə yaxındır görmədiyim dostlarımla görüşdüyüm üçün də şad oldum”.

Çempionlar Liqasının finalında uduzan “Kann”ın kapitanı Bakı klublarının həlledici mərhələyə yüksələ bilməməsini sürpriz kimi qarşılayıb: “Azərbaycan komandalarının heç birinin “Dördlər finalı”a yüksələ bilməməsi böyük sürpriz oldu. “Rabitə” də, “Azərreyl” də finalda oynaya bilərdi. Onların hər ikisi çox yüksək səviyyəli voleybol göstərir və bu, xüsusilə də “Rabitə”yə aiddir. Bu kollektivdə əsl ulduzlar cəmləşib və mən həmin komandaya heyran idim. Lakin onların püşkdə bəxti gətirmədi. “Fənərbaxça” ilə mübarizə aparmaq asan deyildi”.

Qeyd edək ki, “Kann” finalda “Fənərbaxça”ya 0:3 hesabı ilə uduzub.