Azərbaycan duelinin ilk seriyası
27.03.2012 - 14:51
Azərbaycan duelinin ilk seriyası
Sabah “Çelenc Cup”da Azərbaycan klubları arasında olacaq final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, həlledici mərhələnin ilk görüşündə “Bakı” “Lokomotiv”i qəbul edəcək.

Oyunda hər 2 komandanın qalib gəlmək şansı var. Düzdür, “Bakı” bu mövsüm “dəmiryolçular”a gücünü göstərib. Onlar Super Liqanın təsnifat mərhələsinin hər 2 matçında “Lokomotiv”ə qalib gəliblər (3:0, 3:1). Lakin buna baxmayaraq, avrokubokun debütantı olan “Bakı”nın çempionluq şansı rəqibi ilə müqayisədə azdır. Çünki Draqutin Baltiçin yetirmələrinin beynəlxalq oyun təcrübəsi yüksəkdir. Bu azmış kimi, onlar oturuşmuş heyətə malikdirlər.

Həmçinin “Lokomotiv” Azərbaycanın təcrübəli klubu olduğunu ötən mövsüm də sübuta yetirib. Onlar Super Liqada “İqtisadçı” ilə bacarmasalar da, “Çelenc Cup”ın yarımfinalında universitet komandasını mübarizədən kənarlaşdırdılar. Bunun üçün də “dəmiryolçular” “Azərreyl”ə uduzduqları final oyununun qisasını “Bakı”dan almaq arzusundadırlar.

Lakin bu o demək deyil ki, Ancelo Vercesinin yetirmələri aşkar autsayderdirlər. Bu mərhələyə kimi yüksələn “Bakı” “Lokomotiv”i məğlub etsə belə bu, sensasiya kimi qəbul edilməyəcək. Çünki peşəkar voleybolçulardan təşkil olunan paytaxtın eyniadlı komandası da kuboka iddialıdır. Hər halda, final mərhələsi 2 oyundan ibarət olduğundan birinci görüşdən sonra çempionun adını proqnozlaşdırmaq çətindir. Belə ki, cavab matçında digər klub qalib gəlməklə, cütün taleyini “Qızıl set”ə daşımaq imkanına malikdir.

“Çelenc Cup”
Final mərhələsinin ilk oyunu
28 mart


19:00. “BAKI” (AZƏRBAYCAN) – “LOKOMOTİV” (AZƏRBAYCAN)
Hakimlər: Kari Partiaymen (Finlandiya), Dəniz Dəmir (Türkiyə)
Heydər Əliyev adına İdman-Konsert Kompleksi