Yekaterina Qamova: Digər komandaya keçə bilərəm
05.04.2012 - 14:22
Yekaterina Qamova: Digər komandaya keçə bilərəm
Məşhur rusiyalı voleybolçu Yekaterina Qamova tanınmış klubların maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, Kazan “Dinamo”sunun heyətində Bakıdakı “Dördlər finalı”nda bürünc medala layiq görülən 32 yaşlı hücumçu mətbuat qarşısına çıxaraq, vəziyyəti şəxsən aydınlaşdırmağı lazım bilib.

Belə ki, KİV-də Yekaterinanın vətənində Moskva “Dinamo”su, Türkiyədə “Fənərbaxça”, “Vakıfbank TTelekom” və “Əczaçıbaşı” klubları xidmətində maraqlı olması barədə xəbərlər bir-birini əvəzləyir.

202 sm boya malik, 49 ölçülü ayaqqabı geyinən Qamova “Dinamo” ilə müqaviləsinin sonunadək üzərinə düşən öhdəçiliyi yerinə yetirməyi planlaşdırdığını bildirib: “Mənə və agentimə bütün bu təkzibləri oxumaq maraqlı və gülməli idi. Bu vəziyyətdə agentimə inanmağı üstün tuturam. Əgər o deyirsə ki, təklif var, deməli belədir. Agentim mənə dedi ki, 4 klubdan haqqımda maraqlanırlar. Müqaviləmdə həqiqətən belə bənd var ki, buna əsasən digər komandaya keçə bilərəm. Ancaq anlaşmamın sonuna kimi Kazan klubunda oynamaq niyyətindəyəm”.

Qeyd edək ki, Qamova müqavilə ilə 2012/2013 mövsümünün sonuna kimi “Dinamo”ya məxsusdur.