“Bakı” qisasını darmadağınla aldı - YENİLƏNİB
06.04.2012 - 19:31
“Bakı” qisasını darmadağınla aldı - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında final mərhələsinin III turunun oyunları olub. Apasport.az saytının məlumatına görə, turun mərkəzi matçı “Çelenc Cup”ın finalçıları – “Bakı” ilə “Lokomotiv” arasında keçirilib.

Bu oyunda Ancelo Vercesinin yetirmələri meydana qisas arzusunda çıxıblar. Çünki “Qızıl set”də kuboku rəqibinə verən “Bakı” çempionatda onu sığortalamağı planlaşdırırdı ki, bunu da həyata keçirib. Son 10 gündə 3-cü, mövsümdə 5-ci dəfə qarşılaşan komandaların duelində onlar “quru hesabla” qələbə qazanıblar.

Bir gün öncə “Azərreyl”dən 3 xal alan “Lokomotiv” yalnız sonuncu hissədə sonacan döyüşsə də, bu, heç bir nəticə verməyib.

Günün ilk matçında isə “Azərreyl” “İqtisadçı” ilə üz-üzə gəlib. Gərgin keçən görüşdə Vüqar Əliyevin yetirmələri “Lokomotiv”ə məğlubiyyətin əvəzini çıxmağa, universitet komandası isə ilk xalını qazanmağa çalışıb. Maraqlıdır ki, onların hər ikisi istədiklərini həyata keçiriblər.

Qarşılaşma “Azərreyl”in üstünlüyü ilə start götürüb və bunun məntiqi nəticəsi kimi onlar ilk setdə qələbə qazanıblar. Lakin bundan sonra matçın gedişi dəyişib. Çətin vəziyyətə düşən “dəmiryolçular” “İqtisadçı” qarşısında aciz qalıblar. Bundan istifadə edən universitet komandası isə hesabı bərabərləşdirməklə kifayətlənməyib, hesabda önə də keçib – 2:1.

Məğlubiyyətlə barışmaq istəməyən “Azərreyl” nəhayət ki, 4-cü setdə öz oyununu tapıb və bütün mövqelərdə inamlı təsir bağışlayıb. Belə çıxış isə bu dəfə rəqibi şoka salıb və “tələbələr” 13:25 hesabı ilə uduzublar. Nəticədə qalib tay-brekdə müəyyənləşib. Həlledici hissədə daha dəqiq oynayan “Azərreyl” 3:2 hesabı ilə qələbə qazanıb. Buna baxmayaraq, onlar yenə 1 xal itiriblər.

Beləliklə, III turdan sonra ilk 2 pillə dəyişməz qalsa da, “Bakı” qələbə sayəsində “Lokomotiv”i qabaqlayıb.

6 aprel
Final mərhələsi, III tur


“BAKI” – “LOKOMOTİV” - 3:0 (25:17, 25:12, 26:24)
İlk dövrə: “Lokomotiv” - “Bakı” - 0:3 (19:25, 21:25, 23:25)
İkinci dövrə: “Bakı” – “Lokomotiv” - 3:1 (20:25, 25:20, 27:25, 25:14)

“AZƏRREYL” – “İQTİSADÇI” - 3:2 (25:21, 20:25, 27:29, 25:13, 15:10)
İlk dövrə: “AZƏRREYL” – “İQTİSADÇI” - 0:3 (23:25, 15:25, 15:25)
İkinci dövrə: “İQTİSADÇI” – “AZƏRREYL” – 0:3 (16:25, 20:25, 24:26)

Rabitə 2 2 0 6-0 150-94 6
Azərreyl 3 2 1 6-5 260-236 5
Bakı 2 1 1 3-3 134-128 3
Lokomotiv 3 1 2 3-6 177-223 3
İqtisadçı 2 0 2 2-6 148-188 1


Qeyd edək ki, bu turda “Rabitə” istirahət edib.