Bakı klubu Avropa Kubokunda hollandlar və ispanlarla oynayacaq
06.04.2012 - 12:21
Bakı klubu Avropa Kubokunda hollandlar və ispanlarla oynayacaq
Qadın otüstü hokkeyçilərdən ibarət “Atasport” klubu bu gün İspaniyanın San-Sebastyan şəhərində Avropa Kuboku uğrunda turnirin ilkin mərhələsində mübarizəyə qoşulacaq. Apasport.az saytının məlumatına görə, yarışda qitənin 6 ən güclü klubu çempionluq uğrunda 2 mərhələdə yarışacaq.

Belə ki, hokkeyçilərimiz “Hertogenboş” (Hollandiya) və “Futbol SAD” (İspaniya) klubları ilə A qrupunda yer alıblar. B qrupuna isə “Ulenorster” (Almaniya), “Leyçester” (İngiltərə) və “SHVSM İzmaylova” (Rusiya) komandaları mübarizə aparacaqlar. Yarış dünən start götürsə də, “Atasport” ilk oyununu bu gün “Hertogenboş”a qarşı keçirəcək. Bir gün sonra xanım idmançılarımız İspaniya təmsilçiləri ilə qarşılaşacaqlar.

Reqlamentə əsasən, A və B qruplarında 1-ci və 2-ci yerləri tutanlar “çarpaz” üsulla qarşılaşaraq, ilk “dördlük”dəki yekun yerləri müəyyənləşdirəcəklər. May ayında isə II mərhələdə hər komanda 2 oyun keçirərək qalibin və mükafatçıların kimliyinə aydınlıq gətiriləcək.

Qeyd edək ki, 2005-ci ildə Avropa Çempionlar Kubokunun güclülər dəstəsinə vəsiqə qazanan “Atasport” debütdəcə (həmin vaxt 8 klub yalnız 1 mərhələdə yarışırdı) finala qədər irəliləyərək, qalib adı uğrunda həlledici görüşdə Hollandiyanın “Hertogenboş” hokkeyçilərinə uduzmuşdu.