“Rabitə” rəqib tanımır, “Azərreyl” çempionluq şansını itirdi - YENİLƏNİB
11.04.2012 - 19:23
“Rabitə” rəqib tanımır, “Azərreyl” çempionluq şansını itirdi - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında final mərhələsinin II dövrəsinə start verilib. Apasport.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya Mərkəzində baş tutan VI turun ilk qarşılaşmasında “Lokomotiv” “Rabitə” ilə üz-üzə gəlib.

Zoran Qayiçin rəhbərliyi altında Super Liqada hələ uduzmayan dünya çempionları bu dəfə də xal itirməyiblər. Düzdür, oyuna “Çelenc Cup”ın qalibi yaxşı başlayıb. Bunun nəticəsi olaraq, onlar hesabda da irəli keçməyi bacarıblar. Lakin yekunda təcrübə və gözəl oyun yenə öz sözünü deyib.

Son Azərbaycan çempionları “Lokomotiv”i setdə qalib gəlməyə peşman edib və ardıcıl 3 hissədə onlara gücünü göstəriblər – 3:1.

Günün digər oyununda isə “Bakı” “Azərreyl”lə qarşılaşıb. Burada da Vüqar Əliyevin yetirmələri favorit hesab olunsalar da, “Çelenc Cup”ın finalçısı onların qələbə arzularını ürəklərində qoyub.

Belə ki, 1 tur öncə gözlənilmədən “İqtisadçı”ya 0:3 hesabı ilə uduzan və “Azərreyl”ə əvvəlki oyunlarda qalib gələ bilməyən “Bakı” qisasını 3 xalla alıb. Onlar ilk setdə məğlub olmalarına baxmayaraq, yekunda 3:1 hesabı ilə qələbə qazanıblar.

Beləliklə, VI turdan sonra “Rabitə” çempionluğa 1 addım da yaxınlaşıb. “Azərreyl” üzərində qələbə isə “Bakı”nı 3-cü pilləyə yüksəldib.

Bu məğlubiyyət həm də Vüqar Əliyevin yetirmələrinin çempionluq şanslarının itirilməsi ilə nəticələnib. Çünki hazırda “dəmiryolçular”ı 10 xal qabaqlayan “Rabitə” bundan sonra bütün oyunlarını uduzsa, “Azərreyl” isə 3 xal qazansa da, bu onlara qızıl medallar üçün kifayət etməyəcək.

11 aprel
Final mərhələsi, VI tur


“LOKOMOTİV” - “RABİTƏ” - 1:3 (25:20, 23:25, 14:25, 20:25)
İlk dövrə: “RABİTƏ” – “LOKOMOTİV” – 3:1 (29:31, 25:11, 25:20, 25:13)
İkinci dövrə: “LOKOMOTİV” – “RABİTƏ” – 0:3 (19:25, 20:25, 16:25)
Final mərhələsi: “RABİTƏ” – “LOKOMOTİV” - 3:0 (25:10, 25:18, 25:16)

“BAKI” – “AZƏRREYL” - 3:1 (15:25, 25:18, 25:23, 26:24)
İlk dövrə: “AZƏRREYL” – “BAKI” - 3:1 (15:25, 25:17, 25:23, 25:16)
İkinci dövrə: “BAKI” – “AZƏRREYL” - 1:3 (25:21, 22:25, 20:25, 14:25)
Final mərhələsi: “AZƏRREYL” – “BAKI” - 3:0 (25:23, 25:16, 25:19)

Rabitə  5 5 0 15-2  413-312  15
Lokomotiv  5 2 3  7-10  354-404 6
Bakı 5  2 3  6-10 348-368 6
Azərreyl  5 2  3 8-11 427-424 5
İqtisadçı 4 1 3  6-9  309-347  4


Qeyd edək ki, ilk turda olduğu kimi VI oyun günündə də “İqtisadçı” istirahət edib.