“Sübut etdik ki, “Rabitə” hamıdan çox güclüdür” - MÜSAHİBƏ
16.04.2012 - 13:30
“Sübut etdik ki, “Rabitə” hamıdan çox güclüdür” - MÜSAHİBƏ
Qadın voleybolçular arasında Azərbaycan Super Liqası “Rabitə” klubunun ardıcıl 5-ci çempionluğu ilə yekunlaşdı. Qızıl medalların qazanılmasında 35 yaşlı serbiyalı Mira Qoluboviçin əməyi də danılmazdır. 2010-cu ildə “Rabitə”yə pley-off matçlarında 5 oyunluq kömək məqsədilə dəvət edilən serbiyalı 5 çempionluğundan üçündə komandanın əsas üzvlərindən hesab olunur.

Təsadüfi deyil, təcrübəli voleybolçu cari mövsümün yekunlarına əsasən 8 nominasiyadan 2-də - “Ən yaxşı blokçu” və “Ən yaxşı hücumçu” (faizlə) adına layiq görülüb. “Rabitə”yə transfer olununca, “Radniçki”, “Yedinstvo”, “Rapid”, “Foppapedretti”, “Despar Peruca”, “Toray”, “Hotel Kantur”, “Tenerife”, “Volero”, “Spartak-Omsk” və “Metal Qalati”də çıxış edən Mira Bakı klubu ilə qazandığı medalları çox əziz sayır. Ölkəmizdə yaşamaq ürəyincə olan Çempionlar Liqasının finalçısı apasport.az saytına müsahibəsində çempionluq sevincini bölüşüb və gələcək karyerası ilə bağlı məlumat verib.

- Ağır keçən mövsümdən sonra “Rabitə” növbəti çempionluğunu qazandı...
- Bu mövsüm çox ağır oldu. Bir çox turnirlərdə iştirak etdik. Əlimizdən gələni etdik ki, səviyyəli, klubumuzun adına yaraşan voleybol göstərək. Düzdür, arada müəyyən enişlər olsa da, bir çox turnirlərdə qalib gəlməklə sübut etdik ki, “Rabitə” rəqiblərindən çox güclüdür.

- Final mərhələsi komandanız üçün elə də çətin keçmədi. Gümüş mükafatçı ilə xal fərqinin 9 olacağını gözləyirdinizmi?
- Azərbaycan çempionatının finalları da olduqca gərgin keçdi. Həlledici oyunlarda da ən yaxşı qələbələrimizi sıralayaraq, “Rabitə”nin ən güclü olduğunu bir daha göstərdik. Təbii ki, bu xal fərqi komandamızın səviyyəsindən xəbər verir. Hər birimiz çempion olduğumuz üçün xoşbəxtik.

- Bəs hansı oyunlarınız daha çətin keçdi?
- Başlanğıc oyunları. O zaman üstünlük lazım idi ki, növbəti matçlarda daha yaxşı nəticə göstərib, həm də rahat oynayasan. Çünki “Rabitə” məhz həmin birinci oyunlara əsasən növbəti turlarda rahat oynadı və çempionluğu vaxtından öncə təmin etdi. Amma yenə də çempionat çox maraqlı keçdi. Çünki komandaların hər biri səviyyə baxımından bir-birinə çox yaxın idi. Bunu oyunlarda da gördünüz. Bir tur bir komanda digər rəqibini məğlub edirdi, növbəti oyunda isə həmin rəqib digərinə qalib gəlirdi.

- Artıq 3 mövsümdür “Rabitə”nin şərəfini qoruyursuz. Maraqlıdır ki, Azərbaycanda keçirdiyiniz 3 ildə 3 qızıl medal qazanmısız. Artıq ölkəmizdə ən çox çempionluq sevinci yaşayan legionerlərdən birinə çevrildiyinizdən xəbəriniz varmı?
- Bəli, bu mənim Azərbaycan çempionatında üçüncü çempionluğumdur. Hər 3 mövsümdə gərgin oyunlarda qalib gəldiyimiz üçün mənə onların hər 3-ü çox əzizdir. Bununla da “Rabitə”nin ən çox çempionluq yaşayan voleybolçularından birinə çevrildiyimi də bilirəm. Çünki bu illər mənə çox xoşdur.

- Bu il sizin üçün xüsusilə əlamətdar olub desək, yanılmarıq. Çünki çempionluqla yanaşı, 2 nominasiyada da mükafatçı oldunuz...
- Şəxsi nominasiyalarda fərqlənməyimdə komandanın zəhməti böyükdür. Çünki faizlə ən yaxşı hücumçu olmağımda komanda yoldaşlarımın hər birinə - İrina Jukovaya kimi hamısına öz təşəkkürümü bildirirəm. Onların əməyi nəticəsində mən də bu mükafata layiq görüldüm. Blokda ən yaxşı olmağıma gəlincə, əlbəttə bu da komanda oyununun nəticəsidir. Yəni, düzgün mövqe seçməyimiz rəqib hücumlarını da keçilməz edir. Düzdür, burada bir qədər şəxsi keyfiyyətlər də önə çıxır. Hər ikisinə görə bir daha komandama minnətdaram.

- Növbəti mövsümlə bağlı nə deyə bilərsiz? Yenə “Rabitə”nin şərəfini qorumağa razılıq verəcəksizmi?
- Sözsüz ki, rəhbərliklə danışacağıq. Amma nəticə barəsində bir söz deyə bilmərəm. Azərbaycan çox xoşuma gəlir, buranı çox sevirəm. Burada hər şey mənim ürəyimcədir.

- Sonda həmişə klubunuzu qələbəyə səsləyən fanatlarınıza nə demək istərdiniz?
- Azarkeşlərimizə çox təşəkkür edirik. Mövsüm boyunca əllərindən gələni etdilər ki, ən güclü olaq. Bir növ komandada bir oyunçu kimi həmişə bizə dəstək verdilər, sanki bizlə bir yerdə oynayırdılar. Şəxsi fanatlarıma isə onları da həddindən çox sevdiyimi demək istəyirəm. Əlimdən gələni edəcəm ki, daima onları sevindirim və məni sevməklərində yanılmasınlar.