“Azərreyl”in gizli transferi
17.04.2012 - 12:30
“Azərreyl”in gizli transferi
Mövsümü biabırçı nəticə ilə başa vuran “Azərreyl” klubunun yeni baş məşqçisi Alessandro Çiappininin ilk transferi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis son 2 ildə çalışdığı Polşa “Atom”un liberosu Paulina Majı Bakıya gətirir.

Artıq müqavilənin şərtləri razılaşdırılıb. Polşa millisinin şərəfini qoruyan voleybolçu bu günlərdə ölkəmizə gələrək, 1 illik rəsmi müqaviləyə imza atacaq.

Peşəkar karyerasına 2000-ci ildə başlayan (!) 25 yaşlı Maj legioner həyatı yaşamayıb. O, müxtəlif yerli klubların heyətində 3 dəfə ölkə çempionu, 4 dəfə Polşa kubokunu, həmçinin yığmasının heyətində Universiadanın və Avropa çempionatının bürünc medalını qazanıb.

Qeyd edək ki, Çiappini Majdan öncə “Atom”dakı köməkçisi Nikola Neqronun “Azərreyl”ə keçidini həll etmişdi. “Dəmiryolçular”da Paulinanın millidəki komanda yoldaşı Karolina Kosek çıxış edir. İtaliyalı baş məşqçinin onu klubda saxlayacağı isə hələ dəqiqləşməyib.