“Ana olmaq istəsəm, hər şeyi atacam”
17.04.2012 - 14:54
“Ana olmaq istəsəm, hər şeyi atacam”
“İqtisadçı”nın liberosu Stefanya Sansonna vətəni İtaliyada müsahibə verib. Apasport.az saytının məlumatına görə, cəmi 3 həftə “tələbə” olan voleybolçu Azərbaycandakı çıxışından razı qalıb.

- İtaliyada “Novara” klubunda pley-offa yüksəldikdən sonra Azərbaycana transfer oldunuz...
- Mövsümə mənfi 6 xalla başlamaq çox çətin idi. Üstəlik, son oyunlarda çox sayda zədənin olması da baş məşqçinin işinə çətinlik yaradırdı. Buna baxmayaraq, pley-offa yüksələ bildik. Lakin həmin anda agentim mənə zəng vurub, Azərbaycanda oynamaq təklifi etdi.

- Bakıdan aldığınız təklifi dərhal qəbul etdiniz?
- Mənə böyük pullar təklif olunduğunu söyləmək artıq olardı. Razılaşdım. Onların əsas liberosu Yuko Sano Yaponiya yığmasına çağırıldığından, “İqtisadçı” mənim xidmətimdə maraqlı idi. Bu səbəbdən mövsümün final mərhələsində mənimlə əlaqə qurdular.

- Azərbaycanda sizi necə qarşıladılar?
- Bu, inanılmaz idi. Orada hətta bir dəfə taksiyə əyləşən kimi sürücü məndən icazə istəyib, italyanca oxumağa başladı. Azərbaycanda Toto Kutunyo, Adriano Çelentano və Alessandro Del Pyero hamıya tanışdır.

- Dillə bağlı problem yaşamadınız ki?
- Mən ingilis dilini yaxşı bilmirəm. Ancaq məşqçilərimiz və komanda yoldaşlarımın bəziləri italiyanca danışmağı bacarırdılar. Ciddi çətinlik olmadı.

- 29 yaşında ilk dəfə legioner həyatı yaşamaq nə deməkdir?
- Bu, böyük təcrübədir. Lakin bunun cəmi 3 həftə olması məni məcburən və tezliklə İtaliyaya dönəcəyimlə bağlı fikirlərə qərq edirdi.

- “İqtisadçı” sizi qarşıdakı mövsümdə yenə sıralarına çağıracaqmı?
- Bilmirəm. Əslində, onlar düşünürlər ki, mən çox güclü voleybolçuyam... (gülür)

- Oynadığınız yerdə nəyin olmasını istəyirsiniz?
- Əsas insanlardır, onlarla ünsiyyət qurumaqdır. Mən heç kimin tanımadığı kiçik şəhərlərdə də oynamışam. Lakin orada ətrafımda əla insanlar olub. “Novara”da da hiss edirdim ki, məni çox sevirlər.

- Onda sevgidən danışaq. Həyat yoldaşınız da voleybolçudur?
- Xeyr, biz onunla yalnız bazar günləri oynayırıq. O, mənə azarkeşlik edir. Peşəkarlığım və yüksək səviyyədə olmağım onun üçün xoşbəxtlikdir.

- London Olimpiadasında çıxış etmək xəyalınız varmı?
- Ötən ilə qədər milli komanda mənim üçün yalnız yuxu idi. Lakin indi bu barədə daha çox düşünürəm. Xəyalla yaşamaq da ziyandır. Mənə konkret tapşırıqlar lazımdır.

- Məsələn, nə?
- Avrokuboklarda çıxış etmək, ölkə xaricində böyük təcrübə toplamaq, İtaliya çempionatında uğur qazanmaq.

- Ailənizin 3-cü üzvü nə vaxt peyda olacaq?
- Bu, hamımızın arzusudur. Mənim kimilərin müqaviləsi isə tənhalıqla bağlanır: yəni həmin müddətdə ana ola bilmərəm. 14 yaşım olanda ailəmi, evimi tərk edib getdim ki, voleybolçu olum. Lakin hər dəfə zalın işıqları sönüb, alqışlar dayananda evim üçün darıxdığımı hiss edirəm.

- Bir tərəfdən idmançı, digər tərəfdən qadınsız...
- Əgər indi ana olmaq istəsəm, yerdə qalan hər şeyi atmağa hazıram.

- Bəlkə elə qarşıdakı mövsümdə ana olasız?
- Kim bilir. Bəlkə də...