Ancelo Vercesi: Bakıda çox gəzirdim, əylənirdim
25.04.2012 - 15:16
Ancelo Vercesi: Bakıda çox gəzirdim, əylənirdim
“Bakı” voleybol klubunun braziliyalı baş məşqçisi Ancelo Vercesi növbəti mövsümdən yeni komandada işləyə bilər. Bunu apasport.az saytına müsahibəsində çalışdırıcının özü deyib. Hazırda vətənində istirahət edən mütəxəssis əməkdaşımızla söhbətində, həmçinin Azərbaycanda keçirdiyi bir mövsümü dəyərləndirib və ölkəmiz barədə təəssüratlarını açıqlayıb.

- İstirahətiniz necə keçir? Mövsümün yorğunçuluğunu çıxara bilirsizmi?
- Əsas məqsədim də budur. Artıq mən vətənim Braziliyada ailəmlə birgə istirahətlə başlamışam, hər şey əladır. Dostlarım, atamla xoş günlər keçirirəm.

- Bir mövsüm çalışdırdığınız “Bakı”da işinizə hansı qiyməti verərdiniz?
- Mövsüm həm klubum, həm də mənim üçün çox yaxşı keçdi, uğurlu oldu. Çünki “Bakı” gənc klubdur, komandanın əsasını isə yeni voleybolçular təşkil edirdi. Lakin bizim elə də yüksək büdcəmiz olmasa da, Azərbaycan Super Liqasında III yeri tutduq. Bununla da çox əla təcrübəyə yiyələndik. Çempionatda “Rabitə” və “Azərreyl”ə uduzsaq da, digərləri ilə görüşlərdə qələbə qazanmışıq. Yarışda ikinci yeri tutan “Lokomotiv”ə isə 4 matçda cəmi 1 set məğlub olduq. Avrokuboku da bizim üçün uğurlu saymaq olar. Orada debüt etsək də, “Omiçka” və “Zulh” kimi klublara qalib gəldik, onları yarışdan kənarlaşdırdıq. Finalda isə “Lokomotiv”lə oynadıq. Bir daha “dəmiryolçular”ı qalib gəlməyi münasibəti ilə təbrik edirəm, lakin bizim klub da çox güclü idi. Rəqibə yalnız “Qızıl set”də uduzduq. Mövsüm ərzində 34 matç keçirdik ki, onun da cəmi 10-da qələbə qazana bilmədik. Düşünürəm ki, bu, “Bakı” üçün yaxşı mövsüm oldu.

- Səhv etmiriksə, artıq “Bakı” ilə müqavilənizin vaxtı bitib. Onu uzatmaq barədə düşünürsüzmü?
- Bəli, mənim komanda ilə müqaviləm aprelin 16-dan başa çatıb. Bundan sonra isə vətənimə qayıtmışam. “Bakı”dan isə hələ ki, məni axtaran olmayıb. Ona görə hələ heç nə deyə bilməyəcəyəm.

- Bəzi məlumatlara görə “Bakı” yeni mövsümdən Çempionlar Liqasında oynayacaq. Bu nə dərəcədə doğrudur və qərarınıza təsir edə bilərmi?
- Bu barədə də ətraflı məlumatım yoxdur. Lakin onu deyə bilərəm ki, hələ onlarla danışıqlar aparmamışıq.

- Sizin “Fənərbaxça”dan təklif aldığınız bildirilir. Türklərlə necə danışıqlara başlamısız?
- Mənimlə İtaliya klubları da maraqlanır. Onlar A seriyasının iddialılarındandır. Amma “Fənərbaxça” həmişə mənim üçün yaxşı komanda olub. Ümid edirəm ki, nə vaxtasa orada işləyəcəyəm. Amma hələlik yayılan xəbərlər doğru deyil. Artıq 10 günə yaxındır Braziliyadayam. Bir daha bildirirəm ki, İtaliyadan rəsmi təklif alsam da, Türkiyədən hələ bu barədə mənimlə danışan olmayıb. Bu, qeyri-rəsmidir.

- Maraqlıdır, Azərbaycanda digər klublar sizi komandada görmək istəsələr, buna münasibətiniz necə olar?
- Təbii ki, mən peşəkaram. Yaxşı təcrübəm hər bir klubun mənimlə maraqlanmasına imkan verir. Əgər yenə “Bakı” mənə baş məşqçi postunu təklif etsə, buna şad olaram. Çünki yenə Azərbaycanda işləmək istəyərəm. Arxada qalan il çox yaxşı mövsüm oldu. Buranın insanlarını və “Bakı” klubunu çox bəyəndim. Azərbaycanda çoxlu gəzməli, görməli yerlər var. Bir sözlə, mən ölkənizi çox sevirəm.

- Braziliyada Azərbaycan və Super Liqa barədə sizdən nəsə soruşurlarmı?
- Birinci hamı məndən Azərbaycanın mədəniyyəti barədə soruşurdu. Mən isə bu xalqı bəyəndiyimi dedim. Onlar üçün həmçinin, Super Liqa da maraqlı idi. Bildirirdim ki, Azərbaycan çempionatı mərhələ-mərhələ, ildən-ilə yüksələn xətlə inkişaf edir. Lakin təşkilatı məsələlərin üzərində bir qədər işləmək lazımdır. Bu çempionatın səviyyəsini daha da qaldıra bilər. Təbii ki, Super Liqanın daha güclü olması üçün burada klubların sayı da daha çox olmalıdır. Sizdə isə hamısı paytaxt komandalarıdır, regionlardan isə klublar yoxdur. Lakin əyalətlərdə də komandalar yaratmaq lazımdır. Məsələn, götürək İtaliya komandalarını. Onların təmsilçiləri çox güclüdürlər və Azərbaycanla eyni səviyyədə görürəm. Lakin fərq ondadır ki, İtaliyada çoxlu sayda bölgə komandaları var. Bu sarıdan Super Liqa A seriyasından geri qalır.

- Ölkəmizdə işlədiyiniz zamanda elə bir hadisə olubmu, onu daim xatırlayacaqsız və ya həmin şeyə heç vaxt qayıtmaq istəməyəcəksiz?
- Azərbaycan çox maraqlı ölkədir. Fikrimcə, Azərbaycan dünya voleybolunun mərkəzidir. Burada yaxşı şərait var, hər şey yaxşılığa doğru gedir, yaxşı oyunçular yetişir. Əvvəlki illərlə müqayisədə çempionat daha da yaxşılaşıb və güclənib. Ən yadda qalan hadisə yaxşı mövsüm keçirməyimdir. Mən şəhərin mərkəzində qalırdım. Bakıda - “Park Bulvar” və “Fəvvarələr meydanı”nda çox gəzirdim, əylənirdim. Həmin yerlərdə əla restoranlar var. Hər şey ürəyimcə idi. Mən Azərbaycanda çoxlu dost qazandım. Paytaxtınız çox gözəldir və ölkəniz günbəgün də inkişaf edir. Parklar da əladır, insanlarına isə mehribançılığına və qonaqpərvərliyinə görə söz ola bilməz.

- Azərbaycan Super Liqasının gücü bütün dünyaya bəllidir. Amma yığma komanda kimi son illərdə ciddi uğur qazana bilmirik. Bunu nə ilə əlaqələndirərdiniz?
- Yığmanızda çox yaxşı oyunçular və məşqçilər var. Lakin çalışdırıcılarınız klubların məşqlərini izləmir, onların necə hazırlaşdıqlarını görmürlər. Mən Azərbaycanda olduğum zaman hansısa mütəxəssisin məşqə gəlib baxdığını görmədim və bu barədə da bunun üçün danışa bilmərəm. Amma klublarınız yaxşı büdcəyə malikdir, güclü voleybolçulara malikdirlər. Yığmanıza namizəd olan gənc oyunçular da onların yanında daha çox məşq etməlidirlər. Məsələn, Polina Rəhimova, Natalya Məmmədova, Oksana Parxomenko ilə çalışmalıdırlar. Mən düşünürəm ki, məşqçilər heyəti gəncləri onlarla birgə hazırlaşdırmalıdır. Belə olan halda təcrübə də artacaq. Fikrimcə, Super Liqanın hər klubunda 2 yerli gənc oyunçu meydana çıxmalıdır. Çünki onlar belə matçlarda əla inkişaf yolu keçəcəklər. Sonra isə həmin gənclər millinin təlim-məşq toplanışlarına qatılmalıdırlar. Onlar güclü voleybolçulardan çox şey götürməlidirlər. Bu mənim şəxsi ideyamdır, fikrimcə pis yanaşma deyil.

- Əgər “Bakı” ilə müqaviləni uzatmaqda razılığa gələ bilməsəz, məsələn “Fənərbaxça” ilə razılaşsanız, millimizdən kimi həmin komandada görmək istərdiniz?
- Azərbaycanda yaxşı voleybolçular var və onlar Türkiyə ilə yanaşı, digər ölkələrdə oynamaq gücündədirlər. “Fənərbaxça” isə türklərin digər klubları ilə müqayisədə gücünə görə fərqlənir. “Sarı-lacivərdlilər”dən savayı, hamısı Bakı klubları ilə eyni səviyyədədir. Haraya getsəm, “Bakı”da oynayan braziliyalıları da özümlə götürərəm. Azərbaycan yığmasından isə Valeriya Korotenko və Natalya Məmmədova beynəlxalq təcrübəyə malikdirlər, onlar hər bir kluba lazımlıdırlar. Polina Rəhimovanı da bəyənirəm, lakin o, üzərində hələ çox işləməlidir. Oksana Parxomenko da çox əla voleybolçudur, oyunlara yaxşı qoşulur və kəsərli hücum təşkil edir.