Polşa yığmasının oyunçusu “Rabitə”də!
11.05.2012 - 08:45
Polşa yığmasının oyunçusu “Rabitə”də!
“Rabitə” növbəti mövsüm üçün yeni bombasını partladıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu Polşa milli komandasının toppaylayıcısı Katarzina Skorupa ilə razılığa gəlib.

O, növbəti mövsümdə dünya çempionlarının şərəfini qoruyacaq. 28 yaşlı Katarzina İtaliyanın “Urbino” klubundan transfer olunub.

183 sm boya malik voleybolçunun karyerasında Azərbaycan 2-ci ölkə olacaq. Çünki peşəkar karyerasına 2002-ci ildən başlayan Skorupa 9 il vətənində forma geyinib. O, bu illərdə Polşa çempionatın qızıl (2009/2010), gümüş (2006/2007, 2007/2008, 2008/2009) və bürünc (2004/2005, 2010/2011) medallarına sahib olub. Bundan əlavə, “Rabitə”nin yeni transferi ölkə kubokunu (2006, 2008, 2009) və Superkubokunu (2010) qazanıb.

Katarzina həmçinin, 2008-ci ildə Polşa çempionatının ən dəyərli voleybolçusu və ən yaxşı toppaylayıcısı seçilib. 2009 və 2011-ci illərdə də onu öz mövqeyində qabaqlayan olmayıb və ölkəsinin ən yaxşısı olub. 2005-ci ildən milli komandasının şərəfini qoruyan voleybolçu Pekin-2008-də də yığmalarının heyətində yer alıb.

Qeyd edək ki, Skorupadan öncə “Rabitə” İrina Jukova, Mira Qoluboviç, Sanya Staroviç, Nataşa Krsmanoviç və Dobriana Rabadjiyeva ilə müqavilə imzalamışdı.